​Şahin Diniyev: "Oğlum "qara işlər" görür"

​Şahin Diniyev: "Oğlum "qara işlər" görür" Şahin Diniyev Kərim və Coşqun Diniyevləri müqayisə edib
Futbol
25 Aprel , 2016 12:03
​Şahin Diniyev: Oğlum qara işlər görür

Bakı. 25 aprel. REPORT.AZ/ "Kərim dəyərli futbolçudur. O, komandada dağıdıcı işlər görür. Elə "Sumqayıt"la son oyunda vurulan 2-ci qolda da Kərimin rolu var idi". Bunu "Report"a açıqlamasında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev komandada çıxış edən oğlu Kərim Diniyev haqda danışarkən deyib.

K.Diniyevin Gəncə təmsilçisinin heyətində çıxışını dəyərləndirən Ş.Diniyev oğlunun komandaya lazım olduğunu bildirib: "Kəpəz" cari mövsümdə çempionatda 39 qol vurub və bu qollarda Kərimin əməyi var. Hücumameyilli futbolçularımız çoxdur, amma top almaqda zəifliyimiz var. Oyunların statistikasını aparan şirkət var. Yanvara qədər olan statistikaya nəzər salsanız, Kərimin hava toplarında birinci yerdə olduğunu görərsiniz. O, Premyer Liqada çıxış edən komandaların futbolçuları arasında bu göstəricidə ən yaxşısı olub. Futbolda dağıdıcı iş görən oyunçular çox deyil. Kərim olmasa, boşluqlar olar. Çünki o, "qara işlər" görür. Baş məşqçi kimi komandamda belə futbolçunun olmasına şadam. Sadəcə, azarkeşlər qol vuran futbolçunu yadda saxlayır".

Ş.Diniyev digər oğlu, "Qarabağ"da çıxış edən Coşqun Diniyevlə Kərim Diniyevin çıxışlarını da müqayisə edib: "Hər ikisi yarımmüdafiəçidir. Biri hücuma, digəri isə müdafiəyəmeyilli futbolçudur. İkisi də bir komandada olsa, gözəl kombinasiya alınar. Mən həmişə hücum futbolunu sevmişəm. Fərdi üstünlüklərinə gəlincə, Coşqun daha texnikalı, topla elastik davranan biridir. Kərim isə atletik, fiziki futbola üstünlük verir. İki futbolçu arasındakı fərq budur".

Qeyd edək ki, Kərim Diniyev Azərbaycan Premyer Liqasında XXXII turun "Rəvan"la oyununu sarı vərəqə limitini doldurduğu üçün buraxacaq. K.Diniyev bu mövsüm zədə üzündən VIII - XII turlarda meydana çıxmayıb. Həmin oyunlarda "Kəpəz" "Rəvan"ı 2:0, "Xəzər Lənkəran"ı 1:0, "Qəbələ"ni 2:1 hesabı ilə yenib, "Zirə" ilə 2:2, AZAL-la 1:1 hesablı heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi