​Şahin Diniyev "Kəpəz" klubuna baş məşqçi təyin olunub

​Şahin Diniyev "Kəpəz" klubuna baş məşqçi təyin olunub Tərəflər bu gün yenidən görüşəcək
Futbol
21 May , 2015 15:02
​Şahin Diniyev Kəpəz klubuna baş məşqçi təyin olunub

Bakı. 21 may. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Gəncənin "Kəpəz" futbol klubuna baş məşqçi təyin olunub. Bu barədə "Report"a təcrübəli mütəxəssisin özü məlumat verib.

O bildirib ki, artıq klub prezidenti Mehman Allahverdiyevlə ilkin danışıq olub. Komanda ilə bağlı digər detallar isə M.Allahverdiyevlə görüşdə məlum olacaq: "Mehman müəllimlə Bakıda görüşdük və mənim razılığımı almaq istədi. Söhbət zamanı komandanın əvvəlki hörmətini qaytarmaq istədiklərini bildirdi. Dedi ki, Gəncə futbolunun yenidən dirçəlməsi üçün mənimlə əməkdaşlıq etmək istəyir. Bir az söhbət etdikdən sonra ilkin razılığı aldı. Bir neçə saatdan sonra onunla görüşümüz olacaq və ətraflı söhbətimiz olacaq. Əlahiddə bir şey çıxmasa, yeni mövsümdən Gəncədə baş məşqçi işləyəcəyəm".

49 yaşlı mütəxəssis komandanın Premyer Liqadakı iddiasının və transfer məsələlərinin də bu gün keçiriləcək görüşdən sonra məlum olacağını açıqlayıb.

Ş.Diniyev Məşqçilər Komitəsindəki işi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, bu məsələ sual olaraq qalıb: "Gəncə komandasında iyulun 11-dən fəaliyyətə başlayacağıq. Ona qədər komitədə çalışacağam. Daha sonra federasiya hansı qərarı versə, o qərarda da qalacağıq. Qəbul olunacaq hər bir qərara hörmətlə yanaşacağıq".

Komitə üzvü hələ 10 il öncə "Kəpəz" komandasında çalışdığı vaxt M.Allahverdiyevin ona maneçilik törətdiyinə dair xəbərləri təkzib edib: "Onunla eyni komandada futbol oynamışam. Hərə bir şey fikirləşə bilər. Ancaq bizim aramızda yüksək səviyyədə münasibət var. Əgər pis olsaydı, o mənə belə təklif etməzdi".

Qeyd edək ki, Şahin Diniyev "Kəpəz"də 1987-1989-cu illərdə futbolçu, 2004-2005-ci illərdə baş məşqçi kimi çalışıb. O, 2014-cü ilin dekabrından fəaliyyət göstərən Məşqçilər Komitəsinin üzvüdür.   

Son xəbərlər

Orphus sistemi