Yuxarı
    Bağlamaq

    Şahin Diniyev: “Hər şey bizim əlimizdədir”

    “Biz bitdi demədən, bitməz”

    Bakı. 18 mart. REPORT.AZ/ “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində Gəncədə “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

    “Report”un məlumatına görə, 51 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

    - Xalqımızın bayramını təbrik edirəm. Matça gəlincə, gərgin alındı. Oyunlarımızın hamısı minalanmış bir meydanda gəzişmək kimidir. Səhv addım ata bilmərik. Bizə oyundan çox, nəticə lazımdır. İtirdiklərimizi itirmişik. Sevinirəm ki, komandamız 5 görüşdür uduzmur. Bu gün nəticəni ilk hissədə təmin edib fasilədən sonra əks-hücumlara bel bağlamaq istəyirdik. Bu da alındı, 2-ci qolu da vura bilərdik. 1:0 sürüşkən hesabdır. Bu gün layiqli qələbə qazandıq. Yolumuza davam edirik.

    Bu meydançada iddialı komandalar da xal itirir və hər dəfə də meydançanın pis vəziyyətdə olmasını bəhanə gətirirlər. Necə olur ki, “Kəpəz” qələbə qazanır?

    - Bu meydança ən çox bizə mane olur. Bizim hücum quran futbolçularımızın hamısı texniki cəhətdən yaxşıdırlar. Bu qazonda yaratmaq çətin, dağıtmaq asandır. Biz rəqib komandalardan sonra Gəncəyə gəlirik. Hər iki komanda eyni meydançada oynayır. Artıq dillər əzbəri olub, hamı meydançadan şikayətlənir. Futbol yalnız texnika deyil ki. Məncə, bu səbəb deyil. Belə meydança rəqiblərə daha çox sərf edir. Çünki biz evdə oynayırıq, nəsə yaratmalıyıq, udmalıyıq.

    “Kəpəz”in Avrokubok şansını necə qiymətləndirirsiniz?

    - Futboldur, hər şey ola bilər. Bu gün 4-cü yerlə xal fərqi 5-ə enib. “Qara zolaq”dan çıxmışıq. Sona qədər vuruşacağıq. Yekəxanalıq olmasın, Fatih Terimin bir sözü var – biz bitdi demədən, bitməz. Yəni, ancaq biz özümüz dayana bilərik. Hər şey bizim əlimizdədir. Çox önəmli xallar itirmişik. Bu bizi peşman edir. Allah hər bir yaxşı şeyi çətinliklə verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi