Şahin Diniyev: “Bu nəticələr Gəncənin adına layiq deyil”

Şahin Diniyev: “Bu nəticələr Gəncənin adına layiq deyil” “Psixoloji gərginlik uğursuzluqlara gətirib çıxarıb”
Futbol
21 Oktyabr , 2017 18:13

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Uduzsaq da, komandadan razı qaldım. Standart vəziyyətdən qol alındı. Oturuşmuş müdafiəni yara bilmədilər. Futbolçularımız istəkli idi, lakin alınmadı. Onlara görə mən məsuliyyət daşıyıram. Sonadək mübarizə aparmalıyıq. Hər dəfə 3-4 yeni futbolçu meydana çıxır. Sabit heyət axtarışındayıq. Futbolçuların üzərinə getmək düzgün deyil. Çox işləməliyik".

“Report”un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Gəncədə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Bir epizodda futbolçular penalti tələb etsələr də, referi təyin etmədi. Hakimlikdən razı qaldınız?

- Penalti epizoduna baxmamışam. Baxdıqdan sonra qərar verə bilərəm. Uzaqdan gördüm, amma bu, qərar vermək üçün əsaslı deyil.

Uğursuzluqlar səbr kasasını nə zaman daşıracaq?

- Şahin Diniyevdən əvvəl "Kəpəz" azarkeşləri var. Bu nəticələr Gəncənin adına layiq deyil. Mən də bununla barışmayacağam. Başımızı aşağı salıb işləməliyik. Dekabradək xallar yığmalıyıq. Sonadək vuruşacağıq. Getmək asandır, amma bu, çıxış yolu deyil.

Sabit oyun sərgiləyə bilməməyinizin səbəbi nədir?

- Sabit heyət olmadığı üçün sabit oyun da yoxdur. Bu, dekabradək davam edəcək. Qoldan sonra ustalığımız çatmır ki, bərabərlik topunu vuraq. Belə vəziyyətlə barışan deyiləm. Futbolçularımız çalışdılar. Onlara dedim ki, əl-ələ verib vəziyyətdən çıxmalıyıq. Hərçənd, vəziyyət çox acınacaqlıdır.

"Kəpəz"in elə də güclü heyətə malik olmadığı dəqiqdir. Şahin Diniyev qışda dəyişiklik olacağına inanır?

- Kaş "Neftçi"nin ehtiyat heyətindəki oyunçulardan 3-4-ü məndə olardı. Belə vəziyyətlərdə komandanı atıb getmək çox asandır. Belə kollektivlə işləməyi qəbul etmişəmsə, palçığa batmışamsa, sonradan gedib "vəziyyət belə idi" demək düz deyil. Birinci dövrədən sonra azad futbolçu, kiməsə lazım olmayan oyunçu olacaqsa, götürəcəyik. Oyundan-oyuna artıracağımıza ümid edirəm. Burada sözümü deyirəm. Mayda da bir daha sözümü deyəcəyəm. Psixoloji gərginlik uğursuzluqlara gətirib çıxarıb. Amma hər uğursuzluqda bir uğur var.

Son xəbərlər

Orphus sistemi