Sadıq Sadıqov: “Neftçi” bir neçə aya özünə gələcək"

Sadıq Sadıqov: “Neftçi” bir neçə aya özünə gələcək" “Neftçi”də əcnəbi məşqçinin olmasının əleyhinəyəm"
Futbol
5 Sentyabr , 2017 14:23
Sadıq Sadıqov: “Neftçi” bir neçə aya özünə gələcək
Sadıq Sadıqov

Bakı. 5 sentyabr. REPORT.AZ/ “Azərbaycan milli komandasının San Marino ilə oyununa getməkdə məqsədim AFFA-nın və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin yanında yer almaq və yığmaya dəstək olmaq idi. Orada olmağımın yenidən futbola qayıtmağımla heç bir əlaqəsi yoxdur”. 

Bunu “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov yenidən futbol sektoruna dönəcəyi ilə bağlı iddiaları şərh edərkən deyib. 52 yaşlı idman funksioneri bildirib ki, yenidən “Neftçi” futbol klubunun prezidenti olacağı ilə bağlı xəbərlər əsassızdır. O, sentyabrın 4-də “Bakcell Arena”da keçirilmiş matçı stres atmaq üçün izlədiyini söyləyib: “Futbol da bizim üçün əzizdir, cüdo da. Gəldim ki, Budapeştdə keçirilmiş cüdo üzrə dünya çempionatından sonra stres atım və millimizdə dəstək olum. Həqiqətən də möhtəşəm qələbə oldu”.

2009 - 2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışmış S.Sadıqov paytaxt təmsilçisinin hazırkı durumu müvəqqəti çətinlik kimi xarakterizə edib. Onun fikrincə, yeni baş məşqçi təyinatından sonra komanda uğurla çıxış edəcək: “Neftçi”də proseslər getdi və dəyişikliklər oldu. Adətən, komandada tez-tez dəyişiklik olanda, uğursuzluqla üzləşir. Buna baxmayaraq, orada kollektiv formalaşıb. Yəqin ki, bu gün-sabah yeni baş məşqçi təyin olunacaq. Hamısı birilkdə “Neftçi”ni bu vəziyyətdən çıxaracaqlar. Elə başa düşürəm ki, “Neftçi”də problem olmayacaq. Müvəqqəti çətinlikdir, davam edir. Mən “Neftçi”yə gələndə də klub son 6 ildə nailiyyət əldə edə bilməmişdi. Lakin bizim dönəmimizdə klub çempion oldu, kubok qazandı, Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Bu nailiyyətlərdə rəhbərlərimizin, AFFA-nın prezidentinin, sponsorların böyük əməyi oldu. Yəni, bu, Sadıq Sadıqovun uğuru deyil, biz icraçıyıq. Bir idman mütəxəssisi kimi, hansı sahədə işləməkdən asılı olmayaraq, orada inkişafa nail olmaq borcumuzdur. Bunu nə qədər bacardığımıza xalqımız qiymət verə bilər”.

Sabiq prezident hesab edir ki, “Neftçi” bir neçə aya özünə gələcək. Onun sözlərinə görə, yeni təyin olunacaq baş məşqçi komandanı ən azı 3-cü yerə yüksəltməyə çalışacaq: “Neftçi” bir neçə aya özünə gələcək. Orada sağlam komanda toplaşıb, gənc futbolçular var. Sonuncu turda da yaxşı oyun göstərdilər. Yeni baş məşqçi təyinatından sonra “Neftçi” tam başqa futbol sərgiləyəcək və uğurları görəcəyik. “Neftçi”nin sabiq prezidenti və azarkeşi kimi hər zaman klubun uğurlarına sevinmişəm. “Neftçi” bu gün bizi də yandırır. Çox yandırır. “Neftçi” flaqmandır, flaqman da öz yerinə qayıdacaq. “Transfer pəncərəsi” artıq bağlansa da, komandanın qışa qədər özünü doğruldacağına inanıram. Yeni baş məşqçi komandanı ən azı 3-cü yerə yüksəltməyə çalışacaq”.

Təcrübəli idman funksioneri bildirib ki, Elxan Abdullayevin istefasından sonra boşalan baş məşqçi postuna yerli mütəxəssisin gətirilməsi daha məqsədəuyğun olardı: “Hər zaman əcnəbi baş məşqçilərin əleyhinə olmuşam. AFFA-nın məşqçilər və hakimlərlə bağlı gördüyü işlər göz qabağındadır. Bu gün yerli mütəxəssislər özlərini doğrultmaqdadırlar. “Səbail” və “Zirə”də baş məşqçi postu gənc kadrlara həvalə olunub. “Neftçi”də əcnəbi baş məşqçinin olmasının əleyinəyəm. Bu gün komandanı öz arxasınca apara biləcək kadrlarımız var. Son 8 - 10 il də Azərbaycanda futbola böyük vəsait qoyulub. “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə”dəki yerli futbolçuların səviyyəsi əvvəlki illərlə müqayisədə yüksəkdir. Hər zaman yerli mütəxəssisləri dəstəkləmişəm. Baş məşqçi kim olacaqsa, bunu zaman göstərəcək”.

S.Sadıqov “Neftçi”nin sabiq vitse-prezidenti, hazırda işsiz olan Tahir Süleymanovun yenidən kluba qaytarılmasının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə də münasibət bildirib. Sabiq klub rəhbəri deyib ki, bu, hazırkı prezidentin səlahiyyətindədir: “Tahir Süleymanovla illərlə birgə işlədik. Bildiyiniz kimi, o, klubda vitse-prezident idi. Mədəni, tərbiyəli olması ilə yanaşı, çox gözəl mütəxəssisdir. Futbol ailəsinin üzvüdür, bu sahədə böyüyən insandır. Onun kluba qaytarılması “Neftçi”nin hazırkı prezidentinin səlahiyyətindədir. Onlar bilən məsləhətdir. Buna baxmayaraq, Tahir müəllim kimi insanlar Azərbaycan futboluna lazımdır”.

Qeyd edək ki, “Neftçi” Sadıq Sadıqovun rəhbərliyi altında 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Son xəbərlər

Orphus sistemi