Yuxarı
    Bağlamaq

    Sabri Sarıoğlu 6 il yarımdan sonra yenidən qol vurub

    Səlçuk İnan isə 200-cü oyununu keçirib

    Bakı. 19 fevral. REPORT.AZ/ Avropa Liqasının 1/16 final mərhələsində Türkiyədə "Qalatasaray" və İtaliyanın "Latsio" klubları arasında keçirilən qarşılaşma Sabri Sarıoğlu üçün uğurlu olub. "Report"un məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyunda qol vuran müdafiəçi 6 il yarımdan sonra avrokubok maçtında yenidən fərqlənib.

    "Sabri rəis" Avropada sonuncu qolunu 2009/2010 mövsümündə vurub. Həmin görüş isə Avroliqanın III təsnifat mərhələsində İsrailin "Netanya" (Makkabi) komandası ilə oyuna təsadüf edib. 2009-cu il iyulun 30-da fərqlənən Sabri 2 394 gündən sonra yenidən adını tabloya yazdırmağı bacarıb. Həmin qarşılaşmada "Qalatasaray" səfərdə 4:1 hesablı qələbə qazanmışdı.

    İtaliya təmsilçisi ilə keçirilmiş bu görüş yalnız Sabri deyil, komandanın kapitanı Səlçuk İnan üçün də yadda qalan olub. İnan "Latsio"ya qarşı oyunda "Qalatasaray"ın heyətində çıxdığı rəsmi görüşlərin sayını 200-ə çatdırıb. Təcrübəli yarımmüdafiəçi 2011/2012 mövsümündə transfer olduğu komandada 43 qol vurub.

    Cari mövsümün Çempionlar Liqasında qrup üçüncüsü kimi Avropa Liqasına vəsiqə qazanan "Qalatasaray" 2002 gün sonra yenidən bu turnirdə iştirak edib. "Sarı-qırmızılar"ın Avroliqada sonuncu iştirakı 2010/2011 mövsümündə olub. Həmin mövsüm pley-off mərhələsində Ukrayna "Karpatı"sı ilə evdə 2:2, səfərdə 1:1 hesablı bərabərlik əldə edən "Qalatasaray" qrup mərhələsinə yüksələ bilməyib. Səfərdə keçirilmiş sonuncu matç 2010-cu il avqustun 26-a təsadüf edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi