Yuxarı
    Bağlamaq

    Daha bir şəxs FİFA prezidentliyinə namizədliyini irəli sürüb

    Jerom Şampan quruma daxil olan 209 üzvə 7 səhifəlik proqram sənədi göndərib

    Bakı. 23 oktyabr. REPORT.AZ/ FİFA-nın beynəlxalq əlaqələr üzrə sabiq direktoru və baş katibin keçmiş müavini Jerom Şampan ali futbol qurumunda prezident postuna namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, artıq J.Şampan lazımi sənədlərini FİFA-ya təqdim edib. 

    O, həmçinin quruma daxil olan 209 üzvə 7 səhifəlik proqram sənədi göndərib. Sabiq funksioner FİFA-nın idarəetmə sistemini müasirləşdirmək, qeyri-bərabərliklə mübarizə aparmaq, o cümlədən, dünya çempionatında Avropa üçün ayrılmış yer sayını azaltmaq və video-təkrar sisteminə müraciəti tətbiq etmək niyyətindədir.

    Hələlik UEFA prezidenti Mişel Platini, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, eləcə də Trinidad və Tobaqo yığmasının keçmiş kapitanı Devid Nahid də FİFA prezidenti olmaq istəyini rəsmən açıqlayıb. Oktyabrın 26-dək siyahı daha da genişləndirilə bilər. 

    Qeyd edək ki, hazırda FİFA-nın 9 funksioneri və idman marketinqi ilə məşğul olan şirkətlərin 5 rəsmi şəxsinə qarşı cinayət işi qaldırılıb. ABŞ prokurorluğu onların 150 milyon dollardan çox rüşvət almasından şübhələnir. FİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini korrupsiya qalmaqalı ilə əlaqədar öz vəzifələrinin icrasından 90 gün müddətinə kənarlaşdırılıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi