Bakı. 25 noyabr. REPORT.AZ/ "Sabahkı oyun ən ağır matçlarımızdan biridir. Sonuncu ev matçımızda yaxşı nəticə göstərmək istəyirik". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev İngiltərə "Tottenhem"i ilə noyabrın 26-da keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.
23 yaşlı müdafiəçi komandanın yaxşı nəticəyə kökləndiyini bildirib: "Rəqibin səfərdə oynadığını, Bakıda çıxış etməyin çox çətin olduğunu hiss etdirməyə çalışacağıq".
"Oyunun mahiyyətini başa düşürük. Yaxşı nəticə üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq". Bunu isə "Qarabağ"ın digər futbolçusu Dani Kintana deyib. İspaniyalı yarımmüdafiəçi rəqibdən qorxmadıqlarını söyləyib: "Yaxşı komandaya qarşı oynayacağıq. Qrupdan çıxma şansımız var. Rəqibimizin gücünü bilir, hörmət edirik, amma heç kimdən qorxmuruq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı saat 22:00-da başlanacaq.