Yuxarı

Ruslan Qurbanov: "Yəqin, nəyisə düz etməmişəm" - MÜSAHİBƏ

Ruslan Qurbanov: "Yəqin, nəyisə düz etməmişəm" - MÜSAHİBƏ
Bu vəziyyətdən çıxacağımıza və fanatlarımızın üzlərini güldürəcəyimizə inanıram”

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün 27 yaşı tamam olan Azərbaycan millisinin və “Səbail” klubunun futbolçusu Ruslan Qurbanovun “Report”a müsahibəsi:

- Öncə ad gününüzü təbrik edir, şəxsi həyatınızda və karyeranızda uğurlar arzulayırıq. Sizin üçün əlamətdar gün ərəfəsində Azərbaycan millisinin Millətlər Liqasında keçirdiyi ilk iki oyun uğurlu alınmadı. Evdə Kosovo (0:0), səfərdə isə Malta (1:1) yığmaları ilə heç-heçələr barədə nə deyə bilərsiniz?

- Diqqətiniz üçün təşəkkür edirəm. Kosovo ilə görüşdə qol vurmağı bacarmadıq. Qalib gələrək azarkeşlərimizi sevindirməyi çox istəyirdik. İlk matç evdə olduğu üçün müsbət nəticə qazanmağı hədəfləmişdik. Təəssüf ki, alınmadı. Kosovo da asan rəqib deyil. Onların heyətində xarici ölkələrdə legioner həyatı yaşan çoxlu sayda keyfiyyətli futbolçu var. Bəzilərinin qiyməti 2 - 7 milyon avro təşkil edir. Bakıdakı heç-heçədən sonra Malta ilə qarşılaşmaya kökləndik. Düzdür, psixoloji cəhətdən bir qədər çətin idi. Çünki Bakıda uda bilməmişdik deyə, səfərdə mütləq qələbə qazanmalı idik. Bu da üzərimizdə bir az təzyiq yaradırdı. Nəticədə Maltada da qalib gələ bilmədik. İki görüşdən sonra 2 xalımız var. Hədəfimiz 6 xal olsa da, ən azı 4 xal qazancağımıza ümid edirdik. Buna görə də hamımız çox məyusuq. Başa düşürük ki, özümüz-özümüzü bu vəziyyətə salmışıq. Lakin hələ heç nə itirilməyib. Qrupda 1-ci yeri tutmaq üçün qalan 4 oyunumuzda qalib gəlməliyik.

- Sizin iştirak etmədiyiniz Malta ilə matçdan sonra baş məşqçi Qurban Qurbanov əksər futbolçuların potensialından aşağı çıxış etdiyini söylədi. Kosovoya qarşı öz oyununuzdan razı qaldınız?

- Oyunumdan özüm də narazıyam. Matça çox güclü köklənmişdim. Görünür, bu cür yanaşma məni “yandırdı”. Öz potensialıma bələdəm. Qat-qat yaxşı çıxış edə bilərəm. Bunları deməkdə məqsədim özümə bəraət qazandırmaq deyil. Çox məyusam.

- Azarkeşlər iki heç-heçəyə görə komandanı çox sərt tənqid edirlər. Onlara sözünüz var?

- Tərəfdarlarımızı başa düşürəm. Onlar hər zaman bizə dəstək verirlər və müsbət nəticə istəyirlər. Ona görə də bizi tənqid etmələri normaldır. Azarkeşlərimizi anlayır və onlara böyük sevgi, rəğbətlə yanaşırıq. Bu vəziyyətdən çıxacağımıza və fanatlarımızın üzlərini güldürəcəyimizə inanıram.

- Qurban Qurbanov Malta ilə oyunun “23-lüy”ünə daxil etmədi. Bununla bağlı baş məşqçi sizə nəsə dedi?

- Xeyr, heç kim bir söz deməyib. Heyətə daxil edilmədiyimi “facebook”da tanışlardan və jurnalistlərdən öyrəndim.

- Sizcə, heyətə düşməməyinizin səbəbi nədir?

- Bilmirəm. Bu, baş məşqçimizin seçimizdir və ona hörmətlə yanaşıram. Yəqin, nəyisə düz etməmişəm.

- İddiaya görə, heyətə düşməməyiniz Kosovo ilə matça 1 saat qalmış meydanı çəkib, “Instagram”da paylaşmağınızdır...

- Yenə deyirəm, heyətə düşməməyimin səbəbini heç özüm də bilmirəm. Mənə heç nə deyilməyib. Paylaşıma gəlincə, bəli, şəkil və video vardı. Lakin sonradan sildim.

- Malta kimi rəqibə qalib gələ bilməməyinizə nə mane oldu?

- Epizodları reallaşdırmağımız alınmadı. Malta üçün heç-heçə yaxşı nəticə idi. Ona görə də rəqib müdafiyə çəkilir, futbolçular vaxt uzatmağa çalışırdılar. Futbolçularımız çox istəkli idilər. Təəssüf ki, penaltidən buraxılan ilk qol planlarımızı bir qədər pozdu. Düzdür, hesabı tez bərabərləşdirdik. Qalib gəlməli olsaq da, bacarmadıq.

- “Səbail” sentyabrın 15-də Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Zirə”ni qəbul edəcək. Bu qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəla, Samir Abasovu “Zirə”nin baş məşqçisi təyin olunması münasibəti ilə təbrik edir, ona uğurlar arzulayıram. Abasov yaxşı insan və futbolçu olmaqla bərabər, həm də yaxşı baş məşqçidir. Komandanın onun rəhbərliyi altında daha yaxşı çıxış edəcəyinə inanıram. “Zirə”nin hazırda sonuncu pillədə qərarlaşması hələ heç nə demir. Bu komanda həmişə yüksək yerlər uğrunda oynayıb. Çox ciddi rəqibdir. Heyətlərində keyfiyyətli futbolçular yer alıb. Qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Amma bizim də məqsədimiz 3 xaldır. Maraqlı görüş olacağını düşünürəm. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi