Yuxarı

​Ruslan Əmircanov: "Tam gücümü göstərə bilmirəm"

O, komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını bildirib

Bakı. 9 yanvar. REPORT.AZ/ "Uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalmışdım. Matçda aldığım zədə məni uzun müddət futboldan ayrı saldı". "Report"un məlumatına görə bunu "Qəbələ" komandasının futbolçusu Ruslan Əmircanov deyib.

Klub saytına danışan müdafiəçi komanda ilə məşqlərə çıxsa da, tam gücünü göstərə bilmədiyini söyləyib: "Əməliyyat olundum, sonra isə bərpa prosesi keçdim. Formaya düşmək, istənilən fiziki duruma çatmaq, 90 dəqiqə mübarizə aparmağa hazır olmaq üçün üçün hələ bir müddət məşq etməliyəm. Bu səbəbdən, komanda ilə məşqlərdən öncə və sonra fərdi şəkildə hazırlıq keçirəm. Gücümü bərpa etmək üçün əlavə məşqlər vacibdir".

Hazırda "qırmızı-qaralar"ın heyətində Antalyada mövsümün ikinci yarısına hazırlaşan R.Əmircanov gələcəklə bağlı ümidli danışıb. O, komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını bildirib: "Hazırlığımız intensiv gedir, komanda gün keçdikcə gücünə güc qatır. Yeni baş məşqçimiz var. Onun "Qəbələ"yə xeyir verəcəyinə, komandamızın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inanırıq. Heyətimizə yeni futbolçular da qoşulub. Yeni olmalarına baxmayaraq, Aleksey Qay da, Rəşad Sadiqov da artıq kollektivə uyğunlaşıb. Məşqlərdə futbolçularda əzmkarlıq, mübarizə ruhu, rəqabət hiss olunur. Çünki hamı yaxşı bilir ki, heyətdə yer almaq üçün öz gücünü, bacarığını ortaya qoymalıdır. Dediyim kimi, baş məşqçimiz yenidir, o bizi adlarımıza görə deyil, nümayiş etdirdiyimiz oyuna görə dəyərləndirir. Komandada yer almaq istəyən çalışmalıdır. Heç vaxt mübarizədən, rəqabətdən çəkinməmişəm. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, yaxın müddətdə ideal formamı bərpa edəcəyəm".

Qeyd edək ki, Ruslan Əmircanov Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"la keçirilən qarşılaşmada zədələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi