​Ruslan Əmircanov: "İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq"

​Ruslan Əmircanov: "İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq" "İnter"ə qayıdan müdafiəçi "Atletik"lə cavab görüşündən danışıb
Futbol
4 Avqust , 2015 18:14
​Ruslan Əmircanov: İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq

Bakı. 4 avqust. REPORT.AZ/ "İnter" komandasının baş məşqçisi Zaur Svanadze məni komandasında görmək istədi. Rəhbərliklə görüşdük və razılaşdıq". Bunu "Report"a açıqlamasında "İnter" klubunun yeni transferi Ruslan Əmircanov deyib.

Zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan müdafiəçi əvvəlki formasına qayıtmaq istədiyini bildirib: "Komandanın hazırkı maddi durumu yaxşı deyil. Lakin bu, heç nəyi dəyişmir. İndiyədək pulla oynamışıq, bir az da pulsuz oynayaq, komandaya xeyir verək".

Təcrübəli müdafiəçi yeni komandasının Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi İspaniya "Atletik"i ilə cavab görüşündən də danışıb. R.Əmircanov müqavilə imzalamasına baxmayaraq, yeni komandasına meydanda kömək edə bilməyəcəyi üçün təəssüfləndiyini söyləyib: "Komandaya yalnız tribunadan dəstək verə bilərəm. Çünki Avroliqada III təsnifat mərhələsinin ilk oyunundan sonra alınmışam. Düzdür, "Atletik" güclü komandadır. Bəlkə də Azərbaycan klublarının UEFA bayrağı altında keçirilən yarışlarda belə güclü rəqibi olmayıb. Üstəlik, bunu "İnter" üçün uğur hesab etmək olar. Çünki əvvəlki illərdə komanda ikinci mərhələdə mübarizəni dayandırırdısa, indi üçüncü mərhələdə çıxış edir. Bir məsələ də var ki, İspaniyadakı oyundan əvvəl hamı "İnter" 4-5 qol buraxacaq" deyirdi, amma elə olmadı. Həmin iki qol da adi səhvlər nəticəsində oldu. Rəqib elə komandadır ki, belə səhvləri bağışlamır. "Atletik" səfər oyununda üstün olan tərəf kimi meydana çıxacaq və ola bilər ki, rahat oynasın. Amma "İnter" oyuna ciddi yanaşsa, uğur əldə etmək olar. Hər şey komandanın, futbolçuların əlindədir".

Qeyd edək ki, Ruslan Əmircanov 2016-cı ilin yanvarınadək "İnter"in heyətində çıxış edəcək. O, 2012-ci ilin iyunundan 2014-cü ilin mayınadək də bu klubun formasını geyinib. O, sonradan "Qəbələ"yə transfer olub. 

Son xəbərlər

Orphus sistemi