Rusiya və Ukraynanın çimərlik futbolu üzrə yığma komandaları “Minsk 2019” II Avropa Oyunlarında eyni qrupda mübarizə aparacaq.
“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, hər iki kollektiv İtaliya və İspaniya ilə birgə “B” qrupunda yer alıblar. “A” qrupuna isə Belarus, Portuqaliya, İsveçrə və Rumıniya düşüb.
Çimərlik futbolu üzrə oyunlar 25 – 29 iyunda Minskdə keçiriləcək. II Avropa Oyunları iyunun 30-dək davam edəcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, iki ölkə arasında siyasi böhran səbəbi ilə Ukrayna və Rusiya yığmaları, eləcə bu ölkənin klubları qurumun bayrağı altında keçirilən yarışlarda eyni qrupda yer ala bilməzlər.