​Rumıniya millisi Almaniyalı mütəxəssis Kristof Dauma tapşırılıb

​Rumıniya millisi Almaniyalı mütəxəssis Kristof Dauma tapşırılıb Kristof Daum Rumıniya millisinə baş məşqçi qismində rəhbərlik edəcək ilk xarici məşqçi kimi tarixə düşdü
Futbol
7 İyul , 2016 23:10
​Rumıniya millisi Almaniyalı mütəxəssis Kristof Dauma tapşırılıb

Buxarest, 7 iyul. REPORT.AZ/ Almaniyalı mütəxəssis Kristof Daum futbol üzrə Rumıniya milli komandasına baş məşqçi təyin olunub. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bu barədə qərar Rumıniya Futbol Federasiyası (RFF) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib. RFF İcraiyyə Komitəsinin üzvləri tərəfindən 62 yaşlı almaniyalı məşqçiyə yığmanın sükanı arxasına keçmək təklifi edilib.

Qeyd edək ki, 1986-cı ildən “FC Köln” klubunda məşqçilik karyerasına başlayan Kristof Daum daha sonralara Ştutqard, Bayer Leverkuzen, Beşiktaş, Fənərbaxça, FC Brüge komandaları ilə dəfələrlə ölkə çempionluğu və kubokunu qazanıb. 2013-cü ilin avqustundan 2014-cü ilin martınadək Türkiyənin Bursaspor klubunda çalışıb. Kristof Daum məşqçilik dönəmində 985 dəfə komandasını yaşıl meydana çıxarıb. 521 oyunda qələbə qazanıb, 230-da heç-hecə, 234-də isə meydanı məğlub tərk edib. Ümumilikdə isə baş məşqçi qismində Almaniya Bundesliqasında 400-dən çox oyun təcrübəsinə malikdir.

Xatırladaq ki, Rumıniya milli komandasının sabiq baş məşqçisi Angel İordanesku Futbol üzrə Avropa çempionatındakı uğursuzluqdan sonra istefaya göndərilib. Çempionatda zəif çıxış etməklə 1 xal toplayan Rumıniya millisi A qrupunda sonuncu yeri tutmaqla turnirin növbəti mərhələsinə adlaya bilməyib. 

Kristof Daum Rumıniya millisinə baş məşqçi qismində rəhbərlik edəcək ilk xarici məşqçi kimi tarixə düşdü. 

Daha sonra yeni baş məşqçi ictimaiyyətə təqdim olunub. Bu məqsədlə keçirilən mətbuat konfransında Kristof Daum qarşıda duran planlardan danışıb. “Mən burada olmaqdan çox şadam. Rumıniya futbolu və milli komanda üçün əlimdən gələni etmək mənim üçün böyük şərəf və məsuliyyətdir. İstəyirəm ki, oyunçular və məşqçi heyətilə 2018-ci ildə keçiriləcək Dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edək“, - deyə K. Daum vurğulayıb.

Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burlyanu isə əlavə edib ki, almaniyalı məşqçilə 2 illik müqavilə imzalanıb. Məqsəd Rusiyada keçiriləcək Dünya Çemponatının seçmə mərhələsini adlayaraq mundiala vəsiqə qazanmaqdır. 

Son xəbərlər

Orphus sistemi