Ronaldinyo ilə "Qəbələ" İdman Klubu arasında müqavilə imzalanıb

Ronaldinyo ilə "Qəbələ" İdman Klubu arasında müqavilə imzalanıb Ulduz futbolçu "Qəbələ" klubunun dəstəyilə Bakıda futbol akademiyası açacaq
Futbol
15 Mart , 2017 17:25
Ronaldinyo ilə Qəbələ İdman Klubu arasında müqavilə imzalanıb

Bakı. 15 mart. REPORT.AZ/ Məşhur braziliyalı futbolçu Ronaldinyo ilə "Qəbələ" İdman Klubu arasında müqavilə imzalanıb. 

"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan tədbirdə "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov iştirak edib.

Sözləşməyə əsasən, ulduz futbolçu "Qəbələ" klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açacaq.

F.Nəcəfov bu müqavilə ilə dünya futboluna töhfə vermək istədiklərini bildirib: "Futbol dünyada və Azərbaycanda elə bir səviyyəyə çatıb ki, ictimai bir tədbirə çevrilib. Biz də Ronaldinyonun vasitəsi ilə həm Azərbaycan, həm də "Qəbələ" adına töhfə vermək istəyirik. Hər kəsə təşəkkür edirəm".

Altı yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi