Yuxarı
    Bağlamaq

    Ronaldinyo: "Azərbaycan haqqında əvvəllər də yaxşı sözlər eşitmişdim" - ƏLAVƏ OLUNUB

    Sevimli futbolçum Lionel Messidir

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim. Bu ölkədə braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən ay yarım öncə biz "Qəbələ" ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq. Bakıya dünən gecə saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq."

    "Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib.

    "Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna kömək göstərəcəyəm. Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım" - məşhur futbolçu vurğulayıb.

    O, "Qremio" klubunun azarkeşi olduğunu deyib və sevimli futbolçusunun adını da açıqlayıb: "Sevimli futbolçum Lionel Messidir".

    Ronaldinyo jurnalistlərin suallarını cavablandırarkən "Əslində mən elə Pele və Maradona səviyyəsindəyəm... Düzü, hamının məni sevdiyini deyə bilmərəm. Amma bəlkə də ona görə ki, gözəl futbol oynamışam, öz oyun stilim olub. Buna görə də bütün ölkələrdə məni sevirlər. Bu yaşımda oynaya bilərəmmi? Niyə də yox?! Hər şey ola bilər. Həyatım futbol meydanında və kənarda göz qabağında olub. Gizlədiləsi bir şey yoxdur. Hamısı necə oynadığımı bilir. Bəziləri dünya çempionatının ölkəmdə keçirilməsini istəmirdi. Fikrimcə, braziliyalıların həyatda ən çox sevdiyi şey futboldur" - o vurğulayıb.

    "2006-cı il Dünya çempionatında çox güclü yığmamız, böyük ulduzlarımız var idi. Lakin təəssüf ki, 1/4 finalda Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Futbolda belə şeylər olur. Həyatda atdığım heç bir addıma görə peşmanlıq hissi keçirməmişəm".
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi