Yuxarı

Roman Qriqorçuk: “Qarabağ”la görüşü “mövsümün oyunu” adlandırmaq olmaz” - MÜSAHİBƏ

Roman Qriqorçuk: “Qarabağ”la görüşü “mövsümün oyunu” adlandırmaq olmaz” - MÜSAHİBƏ
Hazırkı anda istədiyimiz kimi komplektləşməmişik
© Report — “Qəbələ” futbol komandasının baş məşqçisi Roman Qriqorçuk

Bakı. 8 fevral. REPORT.AZ/ “Qəbələ” futbol komandasının baş məşqçisi Roman Qriqorçukun “Report”a müsahibəsi

- Qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununuzu lider “Qarabağ”a qarşı keçirəcəksiniz. Hazırlıq prosesi necə gedir?

- Düşünürəm ki, meydançaya çıxa biləcəyik (gülür). Sonrasına da baxarıq.

- Futbol ictimaiyyəti bu görüşü “mövsümün oyunu” olaraq görür. Bu fikirlə razısınız?

- Strateji cəhətdən vacib oyundur. Lakin fikrimcə, bu qarşılaşmanı “mövsümün oyunu” adlandırmaq olmaz. Çünki qarşıda hələ 13 matç qalacaq. Bu da 39 xal deməkdir. Görüşün əhəmiyyətini bu qədər böyütməzdim. Amma vacib qarşılaşmadır.

- Qış fasiləsində komandanı Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov kimi futbolçular tərk etsə də, yalnız Təmkin Xəlilzadəni komandaya götürdünüz. İstədiyiniz transferlər alınmadı?

- Bizim yeni oyunçulara ehtiyacımız var. Hücumameyilli bir oyunçu istərdim. Belə bir futbolçunu götürməyə çatdırmaq üçün əlimizdən gələni edirik. Bu cür futbolçunun tapılmaması bizim üçün neqativ hal olardı.

- Antalya toplanışında Makedoniya “Şkendiya”sına 0:2 hesabı ilə uduzduğunuz sonuncu yoxlama oyunundan sonra komandadan narazılığınızı dilə gətirmişdiniz. Bu barədə futbolçularla nələri müzakirə etdiniz?

- Bu və ya digər oyunda çox şeydən narazı ola bilərəm. Amma bu, o demək deyil ki, narazılıq hər zaman müzakirə mövzusu ola bilər. Bu, təlim-məşq toplanışının tərkib hissəsidir. Lazım olan analizləri aparırıq. Amma bunları danışmaq istəyim yoxdur. Daha çox rəsmi oyunları incələyib, danışa bilərik.

- Heyətlə bağlı hansı problemlər var? Cavid Hüseynov xəstə olduğu üçün məşqlərdə iştirak etmir...

- Əlbəttə, istənilən oyunçunun yoxluğu komanda üçün mənfi haldır. Cavidin xəstələnməyi də çox pisdir. Ancaq buna görə ilişib-qalmalı deyilik. Böyük nəticələr əldə etmək istəyən komanda bir oyunçunun yoxluğunu ağır formada hiss etməməlidir. Komandamız elə komplektləşməlidir ki, çətinlik çəkmədən oyunçunu dəyişə biləsən və bu, nəticəyə mənfi təsir göstərməsin. Əlbəttə, idealda bu cür olmalıdır. Hazırkı anda istədiyimiz kimi komplektləşməmişik.

- Qış fasiləsində Çin klubuna transfer olunan Dino Ndlovunun yoxluğu “Qarabağ” üçün ağır itki hesab oluna bilər?

- “Qarabağ”ın seleksiya işini müzakirə etməyi düzgün saymıram. Ancaq öz komandama cavabdehəm.

- “Qarabağ”la aranızda 6 xallıq fərq var və səfərdə əldə edəcəyiniz xallar böyük əhəmiyyət daşıyır. Sizcə, matçın taleyini nə həll edə bilər?

- Sadəcə olaraq, güclü olmaq lazımdır. Bu, bəsit bir məqamdır: güclü olan qalib gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi