Yuxarı
    Bağlamaq

    Roman Qriqorçuk: "Komandamın nəyə qadir olduğunu görmək istəyirəm"

    Start heyətini artıq müəyyənləşdirmişəm, amma açıqlamaq istəmirəm

    Bakı. 29 iyun. REPORT.AZ/ "Sabah komandamın nəyə qadir olduğunu görmək istəyirəm". 

    "Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

    Ukraynalı mütəxəssis sabahkı oyun ilə bağlı bunları bildirib: "Ötənilki çıxışımızdan xeyli müddət keçib. Qısa vaxt ərzində yeni futbolçularla hazırlaşmışıq və onların işindən razıyam. Start heyətini artıq müəyyənləşdirmişəm, amma açıqlamaq istəmirəm. Komandanın bəzi yetirmələri də bizə qoşulmuşdu. Bəziləri hazırdır, amma bəziləri yox. Yeni futbolçular arasında hücumameyllilər daha çoxdur. Onlar bizim sistemi bilir. Ancaq tək bilmək yox, onu nümayiş etdirmək lazımdır. Bunu meydanda görmək özümə də maraqlıdır. Sabah bunu görəcəyik. Rəqibin oyununa gəldikdə isə onların da hücumameylli yaxşı futbolçuları var. Onlar müxtəlif kombinasiyalara əl atırlar və qarşısını almaq elə də asan deyil. Ancaq rəqibi yaxşı analiz etmişik. Yaxşı nəticəni öz gücümüzlə əldə edə bilərik".

    R.Qriqorçuk ötən il də "Qəbələ"nin avrokubokların ilk oyununda Gürcüstan klubu ilə düşməsinə toxunub: "Ötənilki rəqibimiz "Dinamo" idi. Bu il ölkə çempionu oldular. Çempion komandaya hörmət böyükdür. "Samtredia" ilə "Dinamo"nu müqayisə etmək istəməzdim. Bizim rəqibimiz də çox ciddidir. Gürcüstanda təlim-məşq toplanışı keçməyimizə gəlincə, rəqibimizin də həmin bölgədən olması təsadüfdür. Hava çox sərin keçdi və bu mövzuda bəxtimiz gətirdi. Təşkilatçılar tərəfindən yaxşı iş görülmüşdü. Sergey Zenyova gəlincə, onun klubla müqaviləsi var və hazırlığı da yaxşı səviyyədə keçib. Bir müddət komandada fiziki məşqçi ilə fərdi çalışdı. Forma yığdıqdan sonra komandaya gətirdik. Ötən il hər oyundan öncə 5:0 qələbə deyirdim. İndi daha çoxunu arzulayırıq və 6:0 udmaq istəyirik. Ancaq bilirik ki, rəqib güclüdür və bu çətindir. Sabahkı oyunda favorit olduğumuzu düşünmürəm. Fikrimcə güclər bərabərdir. Hətta rəqibin favorit olduğunu da eşitmişəm. Sabah meydanda necə görünəcəyimizi bilmirəm. Daha yaxşı hazırlaşan komanda qalib gələcək".

    O, yeni transferlərdən də söz açıb: "Hər bir halda futbolçu komandaya gəlirsə, demək mən razılıq vermişəm və hazırlıqlarından kifayət qədər razıyam. Hər birinə eyni şəkildə inanıram. Futbolçuları mən seçmişəm, amma onlarla baş menecerimiz işləyib və bu səbəbdən təşəkkürümü bildirirəm. Ötən mövsüm bir sıra legionerlər vardı və hər biri müxtəlif səbəblərdən komandadan ayrılmalı oldu. Bu səbəbdən heyəti yenidən formalaşdırmaq lazım gəldi. Bu gün bizim məşq olacaq və işim məşqdə komandanı hazırlamaqdır. Ancaq nəyin necə olacağını bilmək olmaz".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi