Roman Qriqorçuk: "Çempionluq əsas rəqibə yox, bütün komandalara qalib gəlməklə əldə olunur" - MÜSAHİBƏ

Roman Qriqorçuk: "Çempionluq əsas rəqibə yox, bütün komandalara qalib gəlməklə əldə olunur" - MÜSAHİBƏ Qəbələ. 2 aprel. REPORT.AZ / Bu gün qalib gəlmək istəyirdik. Bu, strateji cəhətdən bizə çox lazım idi. Çünki qarşıdan çətin dövr gəlir. Kubok oyunları və ümumilikdə ağır qrafikimiz var. Qələbə psixoloji baxımdan da bizə kömək ola bilərdi. Amma heç-heçə qeydə alındı. Bunu qəbul edib analiz aparacağıq və yolumuza davam edəcəyik.
Futbol
2 Aprel , 2018 20:22
Roman Qriqorçuk: Çempionluq əsas rəqibə yox, bütün komandalara qalib gəlməklə əldə olunur - MÜSAHİBƏ

Qəbələ. 2 aprel. REPORT.AZ / "Bu gün qalib gəlmək istəyirdik. Bu, strateji cəhətdən bizə çox lazım idi. Çünki qarşıdan çətin dövr gəlir. Kubok oyunları və ümumilikdə ağır qrafikimiz var. Qələbə psixoloji baxımdan da bizə kömək ola bilərdi. Amma heç-heçə qeydə alındı. Bunu qəbul edib analiz aparacağıq və yolumuza davam edəcəyik".

"Report"un Şirvan bürosunun məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri futbol üzrə Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Çempion olmaq üçün həm də rəqiblərin xal itkisindən yararlanmalısan. Artıq neçənci dəfədir ki, "Qarabağ" xal itirsə də, bundan yararlana bilmirsiniz. "Qəbələ"nin gücünün maksimum ikinci yeri tutmağa çatdığı ilə razılaşırsınız?

- Bununla mübahisə də edəsi deyiləm. Çünki bizi "Qarabağ"la üz-üzə qoyurlar, Ağdam komandasının futbolla bağlı hər şeyi ilə bizdən daha üstün səviyyədə olduğunu etiraf etməyə hazıram. Əlbəttə, bunu başa düşürük. Amma əlimizi aşağı salmırıq. Onlarla vuruşmağa çalışırıq. İndi sizinlə razılaşıram ki, "Qarabağ" bizdən güclüdür.

- "Qəbələ" istədiyiniz hücum futbolunu sərgiləyə bildi?

- Bu gün çox yaxşı oynadığımızı deyə bilmərəm. İdeal futbol o deməkdir ki, komanda uzun müddət öndə çıxış etməli, topa yaxşı nəzarət etməli, kəskin həmlələr etməlidir. Deməzdim ki, bu gün belə futbol oldu. Digər tərəfdən, mən bu gün futbolçularıma çox da irad tuta bilmərəm. Çünki onların hamısının çalışdıqlarını gördüm. Bunu oyundan əvvəl də, oyun vaxtı da görmək olardı. Lakin onu da başa düşürük ki, hücumların sonluğunda daha yaxşı oynamalıyıq.

- "Qəbələ" qış fasiləsindən sonra bir neçə komanda ilə görüşdə xallar itirib. Bunları nəzərə alsaq, "Qarabağ"ın güclü olmasının məsələyə hər hansı aidiyyəti varmı?

- Sizin fikirlərinizə hörmətlə yanaşıram. Amma məncə, çempionluq əsas rəqibinə qalib gəlməklə əldə olunmur. O komanda çempion olur ki, bütün rəqiblərinə qalib gəlir. Bütün rəqibləri yenmək üçün isə kifayət qədər ustalığa, bütün hallarda qollar vurmağa qadir olmaq lazımdır. Bu isə çox vacib məqamdır. Əvvəlki mövsümlərdə biz tez-tez "Qarabağ"ı yenirdik. Amma digər komandalarla görüşlərdə xallar itirirdik. Bunlar hansısa epizodlarda ifaçılıq ustalığı çatışmadıqda baş verir. Amma elə də olur ki, hətta qol vəziyyətləri az yaradıldığı halda, ifaçı tapılır və oyunda son nöqtəni qoyur. 

Son xəbərlər

Orphus sistemi