Roman Qriqorçuk: "Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi"

Roman Qriqorçuk: "Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi" "Hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur"
Futbol
13 Mart , 2018 17:53
Roman Qriqorçuk: Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi

Bakı. 13 mart. REPORT.AZ/ "Mən artıq bundan yorulmuşam. 3 ildir eyni şey təkrarlanır. Sadəcə olaraq, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm. Qol vururuq, oyundankənar vəziyyət verilir. Bilmirəm niyə belə edirlər, “Qəbələ”nin günahı nədir? Bu cür mümkün deyil". 

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis baş hakim Ömər Paşayevin idarəçiliyindən narazılığını bildirib: "Rəqib yaxşı oynadı, bunu qəbul edirəm. Qarşıda kubok oyunlarımız var. Keçən mövsümdə, “Neftçi” ilə kubok oyununda da təmiz penaltimiz verilməmişdi. Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdür, “Qarabağ” bizdən daha üstündür. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm, biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odur ki, öz üzərimizdə çox işləməliyik. Sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur".

Qriqorçuk ötən tur "Qəbələ"nin müdafiəçilərindən Vitali Vernidubun, bu tur isə Voislav Stankoviçin öz qapılarına qol vurmalarına belə reaksiya verib: "Belə getsə, onlar bombardirlər siyahısına qoşulacaqlar. Çempionatda bombardirlər 8 qol vurub, buna nəzər salsaq, həmin futbolçulara çatmaları çətin olmamalıdır. Ancaq bunun olmasını arzulamazdım. Ciddi cavab versəm, hər iki oyunçuya hörmətim var".

Baş məşqçi hücumçuya ehtiyac duyduqlarını da bir daha dilə gətirib: "Hücumçularımızın hamısı legionerlərdir. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram".

Son xəbərlər

Orphus sistemi