Yuxarı
    Bağlamaq

    ​Roman Qriqorçuk: "Biz oyunun taleyini əsas vaxtda həll etmək istəyirik"

    Sabahkı görüşdə bir neçə qol vurmağı hədəfləmişik

    Bakı. 22 iyul. REPORT.AZ/ "Biz hər oyunda 5:0 və daha çox hesabla udmaq istəyirik. Sabah da eyni hesablı nəticə əldə etmək istəyirik". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Serbiya "Çukariçki"si ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi mətbuat konfransında deyib.

    Bir həftə öncə Belqradda baş tutmuş qarşılaşmada komandasının oyununun yaxşı alınmadığını vurğulayan ukraynalı mütəxəssis pis çıxışlarının səbəbini üzə çıxardıqlarını söyləyib. O, sabahkı görüşdə başqa cür oyun sərgiləyəcəklərini açıqlayıb. Bununla yanaşı, R.Qriqorçuk cavab matçının 30 dəqiqəlik əlavə vaxta və ya penaltilər seriyasınadək uzanmayacağına əminliyini bildirib: "Hazırkı vəziyyətimiz sizin gördüyünüzdən qat-qat artıqdır. Ümid edirik ki, 90 dəqiqə ərzində lazımi nəticəni əldə edəcəyik. Biz yaxşı nəticəyə ümid edirik. Penaltilər üzərində işləməmişik. Çünki dediyim kimi, biz oyunun taleyini əsas vaxtda həll etmək istəyirik. Düzdür, əvvəlki mərhələdə Gürcüstanda "Dinamo"nun qapısından bir top keçirə bilmişdik. Səfərdə vurulan qol işi asanlaşdırır. Amma bu dəfə "Çukariçki"yə 0:1 hesabı ilə uduzmuşuq. Sabahkı görüşdə bir neçə qol vurmağı hədəfləmişik. Çünki gözlənilməz və ya kuryoz qol da buraxa bilərik. Bu zaman üçünü vurmalı olacağıq. Biz də daha çox qol vurmağa köklənmişik".

    Start heyəti tam müəyyənləşdirmədiyini deyən baş məşqçi bugünkü məşqin nəticəsinə əsasən qərar verəcəklərini söyləyib.

    "Qəbələ" doğma stadionunun cəzalanması üzündən "Çukariçki"ni "Bakcell Arena"da qəbul edəcək. Amma ev oyunlarını bu arenada keçirən "Neftçi" avrokubok qarşılaşmalarının heç birində qələbə qazana bilməyib. R.Qriqorçuk bu faktdan xəbərsiz olduğunu desə də, belə əlamətlərə inanmadığını söyləyib: "Nə? "Neftçi" uda bilməyib? Önəmsiz faktdır. Mən belə əlamətlərə inanmıram. Qəbələ şəhər stadionunun cəzalandırılması faktı ilə isə barışmaq zorundayıq. Burada oynamağımız məcburi qərardır. Amma məncə, "Bakcell Arena"da azarkeşlər üçün daha yaxşı imkanlar olacaq, oyunumuza xeyli tamaşaçı gələcək. Stadionun aurası da yaxşıdır. İstərdik ki, azarkeşlər bizə dəstək olsunlar, biz də onları sevindirək".

    Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Qəbələ" - "Çukariçki" matçı saat 21:00-da başlanacaq. Növbəti mərhələyə yüksəlmək üçün "qırmızı-qaralar" ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi