Yuxarı

Roman Qriqorçuk: "Anderlext” bizdən güclü idi"

Bu qələbə tam düzgün idi

Bakı. 16 sentyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun “Anderlext” (Belçika) – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. "Report" bildirir ki, ukraynalı mütəxəssis ilk öncə rəqibi qalib gəlmələri münasibətilə təbrik edərək deyib: "Belçika klubu qanunauyğun qələbə qazandı. “Anderlext” bizdən güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən güclü idi.

Bu qələbə tam düzgün idi. Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir. Lakin rəqib bizdən üstün olduğu üçün istədiyimizi - öz futbolumuzu göstərə bilmədik. Üslubu dəyişmək, qapanmaq istəməzdik. Növbəti matçlarda, o cümlədən “Anderlext”lə ikinci matçda da öz futbolumuzu göstərməyə çalışacağıq". 

O, ümid edir ki, komanda bu yolla inkişaf edəcək: "Paralel olaraq çempionat və avrokuboklarda oynayacağıq. “Mayns”la növbəti matçı evdə keçirəcəyik. Həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik. 

“Anderlext”i digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür. Oyunçularıma demişdim ki, “Anderlext”in aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var. Lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi.

Bu matç iki həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdi ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də, necə oynayacağına da bilirdik. Cəmi 2-3 həftə əvvəlki “Anderlext” indikindən zəif idi”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi