Yuxarı

​Roman Qriqorçuk: "Narahat olmaq üçün səbəb yoxdur"

Borussiya kimi komandaları analiz etmək o qədər də çətin deyil

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Mən futbolçularıma inanıram. Onlar uğurlu nəticə əldə etmək üçün hər şeyə hazırdır". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə keçiriləcək oyundan öncə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Dortmund təmsilçisi ilə oyun haqda bunları bildirib: "Rəqibin gücünə bələdik. Görəcəksiniz ki, necə çətin oyun olacaq. Biz müdafiə olunmaq üçün oynamayacağıq. Bu bizim fəlsəfəmizə uyğun deyil. Uğurlu nəticə üçün oynayırıqsa, hücumlarımızın sayını artırmalıyıq".

Daha sonra R.Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Mərc oyunlarında "Qəbələ"nin şansı daha az dəyərləndirilib. Bu haqda nə deyə bilərsiniz?

- Oradakı rəqəmlərlə razı deyiləm. Bizim bir şansımız da olsa, onun üçün mübarizə aparmalıyıq. Bizim bir yox, daha çox şansımız var.

- "Borussiya" ilə oyundan əvvəl sizi ən çox narahat edən nədir?

- İşimizi elə qurmuşuq ki, narahat olmaq üçün səbəb yoxdur. Bütün futbolçulara inanıram. Həftə ərzində elə çalışmışıq ki, oyuna hərtərəfli hazırıq.

- Ölkə çempionatında müdafiədən başlayan uğurlu hücumların şahidi oluruq. Amma Avropa Liqasında bunu müşahidə edə bilmirik. Səbəb nədir?

- Yəqin ki, avrokuboklarda rəqiblər çox güclüdür. Onlar da bizi analiz edir, oyunçuların xüsusiyyətlərini öyrənirlər. Amma qeyd etmək istəyirəm ki, avrokuboklarda olan futbolçular çox sürətlidirlər və deyərdim ki, bu Allah vergisidir. Yaranan boşluğu tez bir zamanda doldururlar. "Borussiya" ilə oyunda isə görmək istəyirəm ki, komandam güclü rəqibə qarşı necə çıxış edir.

- Əvvəlki oyunlarda sizi emosional görürdük. Rəqibin adını nəzərə alsaq, sabah da eyni halı müşahidə etmək mümkün olacaq, yoxsa oturub sakit oyunu izləyəcəksiniz?

- Hesabda 3:0 irəlidə olsaq, istərdim ki, sakit oyuna baxım. Amma sabahkı oyunun çətin olacağını nəzərə alsaq, yəqin ki, sakit dayanmayacam və emosional olacam.

- Alman azarkeşləri çılğın olurlar və oyunda təxminən 600 qonaq azarkeş olmasını nəzərə alsaq, bu böyük dəstək deməkdir. Siz yerli azarkeşləri alovlandıracaq nə deyə bilərsiniz?

- Düşünürəm ki, biz nə qədər çox qələbə qazansaq, o qədər də çox azarkeş gələcək və dəstək verəcək. Futbol azarkeş üçün oynanılır. Azarkeşlərimiz həmişə bizə dəstək olublar. Qabaqcadan da onlara sabah verəcəkləri dəstəyə görə təşəkkür edirik.

- Rəqibin "Borussiya" olması işinizə psixoloji cəhətdən çətinlik yaradır?

- Dəqiq deyə bilərəm ki, çətinlik yaratmır. Əksinə, bizə imkan yaranıb ki, bu cür ad-sanı olan komandayla oynayırıq. Bu günə qədər gördüyümüz işlər buna imkan verir. İlk növbədə bunun üçün Allaha təşəkkür edirəm. İkincisi də bu mənə qürur hissi verir. Həm də sabah komandamın necə görünəcəyinin şahidi olmaq mənə maraq verir.

- Rəqibi analiz etmisiniz? Hansı cəhətləri var?

- "Borussiya" kimi komandaları analiz etmək o qədər də çətin deyil. Demək olar ki, bütün oyunlarında eyni variantlardan istifadə olunur. Sadəcə fərq odur ki, variant çoxdur və bu da onların üstünlüyüdür. Bir də həmin oyunçular vəziyyətə uyğun olaraq hansı variantdan istifadə etməyin mümkünlüyünü başa düşürlər. Üstəlik, onlar sürətlidir və biz sürətə qarşı da oynayacağıq. Həm də çoxlu hücum etməliyik.

- Ukraynaya baş məşqçi kimi dəvət olunacağınız deyilir...

- Bu sualın bir cavabı var - şərhsiz. Mən "Qəbələ"dəyəm və sabahkı oyunu düşünürəm və bu oyunun analizi ilə məşğulam.

- "Borussiya"nın daha çox hansı oyunçularına diqqət etmisiniz?

- Onların sayı 15-dir.

- "Borussiya" ilə 2 oyun ard-arda olacaq və qrupun digər oyunlarında neçə xal hədəfləmisiniz?

- Bir dəqiqə də olsun bu şeylər haqda fikirləşmirəm. Çünki nəticələr fərqli ola bilər. Əsas düşündüyüm odur ki, komandanın yaxşı oynaması üçün nə etməliyik. Bu, 6 və ya başqa rəqəm də ola bilər.

- Henrix Mxitaryanın Bakıya gəlməməsi sizi sevindirir? Heyətdə 3-4 erməni əsilli futbolçu olsa, bu, "Qəbələ"nin işini asanlaşdırardı?

- Bu tip suallardan xoşum gəlmir. Amma deməliyəm ki, Mxitaryan səviyyəli futbolçudur. Əgər o gəlsəydi, biz onun futbol qabiliyyətinə baxıb oyununa qarşı plan quracaqdıq, pasportuna yox. Siyasəti futbola qatmağı düzgün hesab etmirəm. Bizim üçün maraqlı olan azarkeşlərin çox olmasıdır.

Suallardan sonra baş məşqçi azarkeşlərlə bağlı danışıb: "Azarkeşlərlə bağlı maraqlı bir məqamı xatırlatmaq istəyirəm. Odessada "Avtofan" adlı azarkeş qrupu vardı və maşınlarının rənglərini "Çernomorets"ə uyğun rəngləmişdilər. Onların belə bir fikri vardı ki, Azərbaycana gəlib "Qəbələ"yə dəstək olsunlar".

Qeyd edək ki, oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi