"Neftçi"nin baş məşqçisi: "Reynaldo və Almeydanın dövründə "Qarabağ" çox yaxşı oyun sərgiləyib" - MÜSAHİBƏ

"Neftçi"nin baş məşqçisi: "Reynaldo və Almeydanın dövründə "Qarabağ" çox yaxşı oyun sərgiləyib" - MÜSAHİBƏ Bakı. 11 yanvar. REPORT.AZ/ “Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün komandasının Türk Hava Yolları Futbol Mərkəzindəki açıq məşqindən öncə brifinq keçirib.
Futbol
11 Yanvar , 2019 16:52
Neftçinin baş məşqçisi: Reynaldo və Almeydanın dövründə Qarabağ çox yaxşı oyun sərgiləyib - MÜSAHİBƏ
Report/Firi Salim

Bakı. 11 yanvar. REPORT.AZ/ “Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün komandasının Türk Hava Yolları Futbol Mərkəzindəki açıq məşqindən öncə brifinq keçirib.

İtaliyalı mütəxəssis “Report”un da suallarını cavablandırıb...

- Təlim-məşq toplanışı necə gedir?

- Bugünkü məşq bərpa xarakterlidir. Bundan sonra fiziki hazırlığa başlayacağıq və toplu çalışmalar olacaq.

- Qanalı hücumçunuz Kvami Karikarinin qalmasını, yoxsa getməsini uyğun sayırsınız?

- Bu futbolçu ilə çox yaxşı münasibətim var. Mən də daxil olmaqla, hər kəs ondan çox şey gözləyirdi. Karikarinin bir neçə klubdan təklifi var. Onun son qərarını gözləyirik.

- Moldova “Şerif”inə rəhbərlik etdiyiniz dönəmdən yaxşı tanıdığınız futbolçulardan niyə heç birini “Neftçi”yə gətirmədiniz?

- Keçmiş futbolçularımdan kimisə burada görmək istəmədiyimi söyləməmişəm. Hazırda “transfer pəncərəsi” açıqdır və maraqlandığımız oyunçular var. Amma artıq komandaya gətirməkdən ötrü konkret qərar verdiyimiz biri yoxdur.

- Hansı mövqelərə oyunçu axtarırsınız?

- Karikarinin məsələsinə görə gözləmə mövqeyindəyik. Buna baxmayaraq, həm yarımmüdafiəçi, həm də hücumçu mövqeyinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu bizim hansı məqsədlər uğrunda mübarizə apardığımızı anlamalıdır.

- “Qarabağ” Reynaldo Silvanı qaytardı, Riçard Almeydanın dönüşü üçün də danışıqlar yekunlaşmaq üzrədir. Bu transferlərdən sonra çempionluq mübarizəsinin "Neftçi" üçün daha çətin olacağını düşünmürsünüz?

- Əlbəttə, hər ikisi komandanın əldə etdiyi çox güclü ifaçılardır. Hamı bilir ki, onlar əvvəllər də çıxış etdikləri vaxt “Qarabağ” çox yaxşı oyun sərgiləyib. Digər tərəfdən, ötən müddət ərzində gördüyümüz işlərə görə şadıq. Komandamız hələlik çempionatda liderdir. Əlbəttə, “Neftçi”ni gücləndirə biləcək yeni oyunçular tapsaq, sevinərik. Bunun üçün zamanımız var.

- “Neftçi” ölkə kubokunda mübarizəni dayandırdı, çempionatda isə ikinci sıradakı “Qarabağ”dan cəmi 3 xal öndədir. Hətta belə bir vəziyyətdə mətbuatda komandadan gedəcəyinizə dair xəbərlər də çıxırdı. Bu amillər sizdə psixoloji gərginlik yaratmır?

- Əvvəlcə, komandanı tərk edəcəyimlə bağlı şayiələrin haradan çıxdığını bilmək istərdim. Bu, sizin fikrinizdir?

- Xeyr, mətbuatda yazılıb...

- Bu, bizi qətiyyən maraqlandırmır. İşimizə köklənmişik və komanda birinci yerdədir. Çempionluq yarışına gəlincə, çətin olacaq. Qarşıda iki dövrə var. Bundan sonra da ciddi şəkildə hazırlaşacağıq.

- Xorvatiyalı müdafiəçi Slavko Braliçin də komandadan getməsi gündəmdədir...

- Karikari ilə eyni durumdur, bir neçə təklifləri var. Onun seçimini gözləyirik.

- Komandanız Bakıdakı toplanış dönəmində yoxlama matçı keçirmədi, Antalyada isə cəmi 3 oyun planlaşdırmısınız. Sınaq görüşlərinin azlığı çempionatda sizə çətinlik yaratmayacaq?

- Rəqiblərin hazırlıq planına nəzər salmalı olduğumuzu düşünmürəm. Bizim öz proqramımız var və 3 yoxlama matçını tamamilə yetərli hesab edirəm.

- Əvəzedici heyətdən oyunçu götürmüsünüz?

- Bəli, əvəzedici heyətdən bir neçə oyunçunu əsas komandanın hazırlıq prosesinə cəlb etmişik. Ehtiyac duyduğumuz mövqelərə uyğun olaraq, hazırlıq dönəmində bizə kömək edirlər. 

Son xəbərlər

Orphus sistemi