"Səbail"in futbolçusu: "Bu nəticə "Neftçi"yə ikiqat zərbə oldu" - YENİLƏNİB-3

"Səbail"in futbolçusu: "Bu nəticə "Neftçi"yə ikiqat zərbə oldu" - YENİLƏNİB-3 Çox maraqlı oyun alındı. Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi.
Futbol
15 Aprel , 2019 01:50
Səbailin futbolçusu: Bu nəticə Neftçiyə ikiqat zərbə oldu - YENİLƏNİB-3

"Çox maraqlı oyun alındı. Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi".

"Report"un məlumatına görə, bunu "Səbail"in futbolçusu Ruslan Qurban Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə 2:2 hesablı bərabərlikdən sonra söyləyib.

Azərbaycan millisinin hücumçusu bildirib ki, iki xal itirən tərəf "Səbail" olub: "Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin matç alındı. Təəssüf ki, 90+6-cı dəqiqədə qol buraxdıq. Hərçənd baş hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə etmişdi. Hakimlik barədə danışmaq istəmirəm. Hamı hər şeyi gördü. Bu gün iki xal itirən tərəf biz olduq. "Neftçi" yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Onlara uğur arzulayıram. İndi onların sıx qrafiki var. Bu nəticə onlar üçün ikiqat zərbədir. Elə bizim üçün də. Çünki 3 xalın əvəzinə 1 xal götürdük".

Qurbanov deyib ki, "Səbail"in məqsədi 3-cü yerdə qalmaqdır: "İlk dövrədə "Neftçi"yə böyük hesabla uduzduq. İkinci də uduzduq. Ancaq son 2 görüşdə qalib gəldik. Baş məşqçimiz düzgün tapşırıqlar verdi, sona qədər döyüşməyi tapşırdı. Futbolda hər şey mümkündür. Sona 10 dəqiqə qalmış dönüş etdik, amma yenə də qələbəni əldən verdik. Mövsümün başa çatmasına 4 tur qalıb. 3-cü yerdə qalmaq üçün əlimizdən gələni edəcəyik. Qapıçımız Aleksandr Rıbkanın qırmızı vərəqə almağına gəlincə, nə baş verdiyin görmədim. Futbolda emosiyanallıq olur. Son dəqiqələrdə qol buraxmaq istəmirdi. Burda qorxulu bir şey yoxdur. Rıbkanı günahkar saymıram. Mayda "Səbail" ilə müqaviləm başa çatır. Zədəli idim, indi forma yığıram. Az oynamağım məni də narahat edir. Millidə yer almaq istəyirəm. Bunun üçün çalışacağam".


***22:43/14 Aprel

"Futbolda belə hallar olur. Hesabı açdıq. Başa düşmədik necə oldu ki, iki qol buraxdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı heç-heçəni şərh edərkən deyib.

Gənc hücumçunun sözlərinə görə, "Neftçi" çempionluq şansını itirməyib:

"Yaxşı ki, sonda bir qol vurduq və matç bərabərliklə yekunlaşıdı. Hesab bizə sərf etməsə də, heç-heçə uduzmaqdan yaxşıdır. Qarşıda 4 oyun var, hələ heç nə itirilməyib. Çempion ola bilərik. Səhvlərimiz üzərində işləyəcəyik".

Abbasov deyib ki, komandasının çempion olacağına inanır:

"Psixoloji cəhətdən hazır olmalıyıq. Öz futbolumuzu sərgiləməliyik. Komandamıza inanıram. Çempion ola biləcək gücdəyik. İnanıram ki, "Neftçi" azarkeşləri çoxdandır gözlənilən çempionluğu bayram edəcəklər. Son vaxtlar az oynamağım baş məşqçinin seçimidir. Nə qədər oynasam əlimdən gələni edirəm".

Qeyd edək ki, "Qarabağ" 54 xalla liderdir. İkinci sıradakı "Neftçi"nin isə 52 xalı var.


***21:26

"Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüflər olsun ki, eyni sözləri hesab barəsində deyə bilmirəm".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib.

38 yaşlı mütəxəssis hakimlərin oyunun nəticəsinə təsir etdiyini bildirib: "Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqlər işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqlo olardı. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.

Bu 1 xalda baş məşqçinin payı neçə faizdir, futbolçuların payı neçə?

- Oyuna 5 müdafiəçi ilə başladıq. Ancaq bu gün hesaba uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.

Koçukun yoxluğu nə ilə bağlı idi?

- İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündü məşq etmir.

Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?

- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.

Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?

- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də ki, əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.


***20:32

"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda növbəti qolu vurmağa çalışırdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"in baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı bərabərlikdən sonra söyləyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, rəqib hesabı bərabərləşdirəndən sonra komandasının oyununda balans itib: "Nəticəyə rəğmən, sonacan vuruşacağıq".

Baş məşqçi 72-ci dəqiqədə zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib:

"Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etəsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu".

Baş məşqçi Emin Mahmudovun yoxluğunun hiss olunduğunu vurğulayıb: "O, komandanın lideridir, rəmzidir".

Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib:

"Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".

Son xəbərlər

Orphus sistemi