Roberto Bordin: "Komandada anarxiyadan söhbət gedə bilməz"

Roberto Bordin: "Komandada anarxiyadan söhbət gedə bilməz" "Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik"
Futbol
26 Avqust , 2018 23:13
Roberto Bordin: Komandada anarxiyadan söhbət gedə bilməz

Bakı. 26 avqust. REPORT.AZ/ "Burada gülən üzləri görmək mənə xoşdur. Çox güclü komanda olduğumuzu sübut etdik. Xeyli qol imkanı yaratdıq. Ağır oyun olsa da, öz oyunçularımdan kifayət qədər razıyam".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

"Neftçi" qələbə də qazana bilərdi. Lakin ikinci hissədə qorxaq futbol oynadınız. Düşünmürsünüz ki, bu, sizə görədir?

- Biz 7-8 qol epizodu yaratdıq. Bunu qorxaq, müdafiə futbolu adlandırırsınız? Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz. İkinci qolu da vura bilərdik.

Əcnəbi baş məşqçilər yerli futbolun da inkişafı üçün dəvət olunur. Amma Rəhman Hacıyevlə Mirabdulla Abbasov əcnəbi futbolçuların kölgəsində yatır. Onların əsas heyətdə oynamamaları nə ilə əlaqədardır?

- Biz heyəti məşqlərə əsasən müəyyənləşdiririk. Yerli və ya əcnəbi fərqi qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm.

Baqali Dabo ötən mövsüm bombardir olsa da, cinah hücumçusu kimi oynayır, amma Kvame Karikari mərkəzdə yer alır. Dabonun hücumun mərkəzində çıxış etməməsi nə ilə əlaqədardır?

- Dabo xarakteristikasına əsasən, cinah oyunçusudur. O, həm orada, həm də mərkəzdə çalışdı. Karikarinin də qol vəziyyətləri oldu. Lakin təəssüf ki, fərqlənə bilmədi.

"Qəbələ" ilə oyunda da rəqibinizin xeyli qol vəziyyəti olmuşdu, bu dəfə də. "Neftçi"nin bəxtinin gətirdiyini düşünmürsünüz? Müdafiə xəttinizdəki anarxiyaya nə zaman son qoyulacaq?

- Anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik.

Kifayət qədər gülən sima gördüyünüzü dediniz. Lakin simanız kifayət qədər ciddidir. Məgər sizi bu nəticə qane etməyib?

- Gülümsəməyiniz çox xoşuma gəldi. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım.

Bəs nəticədən?

- Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm.

Son xəbərlər

Orphus sistemi