"Neftçi"nin baş məşqçisi: "Azərbaycanda çox yaxşı yaşayıram və özümü rahat hiss edirəm"

"Neftçi"nin baş məşqçisi: "Azərbaycanda çox yaxşı yaşayıram və özümü rahat hiss edirəm" Bakı. 8 mart. REPORT.AZ/ Hələ Şerifdə olduğum vaxt Neftçinin idman direktoru məni izləyirdi. O, mənimlə italiyalı menecer vasitəsilə əlaqə qurdu. İki-üç dəfə görüşdükdən sonra razılaşdım. Çünki bu, tarixi və ölkənin ən titullu komandasıdır.
Futbol
8 Mart , 2019 11:04
Neftçinin baş məşqçisi: Azərbaycanda çox yaxşı yaşayıram və özümü rahat hiss edirəm
Report/Elchin Murad

Bakı. 8 mart. REPORT.AZ/ "Hələ "Şerif"də olduğum vaxt "Neftçi"nin idman direktoru məni izləyirdi. O, mənimlə italiyalı menecer vasitəsilə əlaqə qurdu. İki-üç dəfə görüşdükdən sonra razılaşdım. Çünki bu, tarixi və ölkənin ən titullu komandasıdır".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin "İl Mattino" qəzetinə müsahibəsində deyib.

Bu təyinatadək "Şerif"də 1,5 il çalışmış italiyalı mütəxəssis iki dəfə Moldova çempionu və ölkə kubokunun qalibi olduqlarını, eləcə də Avropa Liqasının qrup mərhələsinədək irəlilədiklərini xatırladıb.

Bordin bu ildən həyat yoldaşının da 16 aylıq qızı ilə birgə Bakıya onunla yaşamağa gəldiyini, daha 2 övladının isə İtaliyada qaldığını diqqətə çatdırıb. O, Azərbaycan paytaxtını gözəl və xeyli müasir şəhər kimi dəyərləndirib: "Burada dəniz, nəhəng parklar mövcuddur. İçəri Şəhəri də yaddan çıxarmamalıyıq. Ümumilikdə, çox yaxşı yaşayıram və özümü rahat hiss edirəm. Çünki şəhərin gözəl hissəsində oluram. Mən bunu bir neçə nöqteyi-nəzərdən deyirəm. Bu yaxınlarda burada "Formula 1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Azərbaycanın dəyişkən iqlimi var. Bu gün qar yağır, sabah 10 dərəcə istidir. Dəyişməyən yalnız küləkdir".

54 yaşlı mütəxəssis Azərbaycan futbolunun vəziyyətindən də danışıb: "Hər bir klubun müasir bazası var. Bütün meydanlar qurulma mərhələsindədir. Müsbət mənada təəccübləndim, çünki onlar yaxşı səviyyədədirlər. Məşqçilər də yaxşıdırlar. "Qarabağ"ın artan büdcəsi və önəmli oyunçuları var. Ümumilikdə, azərbaycanlı futbolçular güclüdürlər. Hər bir oyunda biz 6 əcnəbi, 1-i 1996-cı il təvəllüdlü olmaqla, 5 yerli oyunçudan yararlanmalı oluruq. Hətta yığma da pis deyil, Millətlər Liqasında yalnız son matçında uduzub".

Daha sonra Bordin öz məşqçilik bacarığından danışıb: "Mənim işim rəssam kimidir. Çünki özüm oyunçu kimi həmişə 100 faizimi vermişəm. İndi isə bunu futbolçulardan tələb edirəm. Mənim üçün bu, dünyada ən gözəl işdir: Futbol oynayırsan, pul qazanırsan, insanlar gəlib sizi görmək üçün pul ödəyirlər. Buna görə də bir neçə saatlıq məşq ərzində bütün gücünüzü ortaya qoymalısınız. Taktiki baxımdan müəyyən qədər Marçelo Lippi, Vuyadin Boşkov və Andrea Mandorlinidən götürmüşəm. Hər zaman oyuna 4-3-3 taktikası ilə başlayıram və sonra rəqibdən asılı olaraq, taktikanı dəyişmək xoşuma gəlir. Burada dəyişikliklər heç də hər zaman yaxşı alınmır. Amma məşqlər zamanı oyunçuları hazırlamağa çalışıram. Bura mən öz iş ideyalarımı gətirmişəm. Əvvəlcə istirahət, sonra isə həftəlik gündə iki dəfə məşq olur. Məşqlərdə oyunçuları hazırlamağa çalışıram. İlk vaxlar oyunçular mənə başqa planetdən gəlmiş insan kimi baxırdılar. Amma fikrimcə, artıq buna öyrəşiblər".

Azərbaycan futbolunda ilk italiyalı olduğunu deyən "Neftçi"nin baş məşqçisi sonradan köməkçisi Andrea Vezzunu da Bakıya gətirdiyini, qalan köməkçilərinin isə yerlilərdən ibarət olduğunu söyləyib: "Əks halda, yenə italiyalı gətirə bilərdim. Meydandakı həmyerlim isə Canluka Sansonedir. Onu transfer dövrünün sonlarında İtaliya "Novara"sından götürdüm. Mixail adlı tərcüməçim də var. O, mənimlə birgə Moldovada da olub. Mixaili çox ağıllı olduğu üçün istədim. O, İtaliyada təhsil alıb və sözlərimi emosional səviyyədə intensiv çatdırır. Dərhal sürətli tərcümə və ünsiyyət gedir. Paltardəyişmə otağında ingiliscə danışa bilən bir neçə oyunçu olduqda onlarla birbaşa danışıram. Ümumilikdə, siz sözlərinizi lakonik və birbaşa çatdırmalısınız. Səsimi qaldırdıqda onlar məni başa düşürlər".

Bordin yenidən İtaliyaya qayıtmaq niyyətini dilə gətirib. Baş məşqçi bunu əvvəllər də öz ölkəsinin komandalarına rəhbərlik etməsi ilə əlaqələndirib: "İtaliya futbolunun tarixi Moldova və Azərbaycanınkından zəngindir. Amma onlar xaricdə də artırmaq və Avropa səviyyəsinə çatmaq istəyirlər. Digər tərəfdən, "Neftçi" ilə 2 illik müqaviləm var".

Təcrübəli mütəxəssis Bakıda keçiriləcək Avropa Liqasının finalında "Napoli"ni görmək istədiyini də diqqətə çatdırıb: "Neapolla bağlı yaxşı xatirələrim var. Çünki orada bir çox vacib oyunların iştirakçısı olmuşam. Çiro Ferrara, Paolo Di Kanio ilə dostluq münasibətlərindəyəm. Di Kanionun bizə UEFA Kubokunda iştirak imkanı verən qolunu xatırlayıram. Roberto Polikano ilə də danışıram. O, İtaliyada mənim qaldığım Verona şəhəri yaxınlığındakı Podovada yaşayır. Ən yaxşı xatirəm "Napoli"nin kapitan sarğısını daşımağım olub. Bunu özüm üçün böyük xoşbəxtlik sayıram. Avropa Liqasının finalı Bakıda keçiriləcək. Əlbəttə, ümidvaram ki, qalib komanda "Napoli" olacaq. Bu halda doğma komandam üçün təntənəli qarşılanma təşkil etməkdən ötrü özümü irəli verə bilərəm".

Qeyd edək ki, Roberto Bordin "Neftçi" ilə 2018-ci il iyunun 8-də müqavilə bağlayıb.   

Son xəbərlər

Orphus sistemi