Roberto Bordin: "Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik"

Roberto Bordin: "Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik" Heç də yaxşı oyun göstərmədik.
Futbol
19 Avqust , 2019 22:55
Roberto Bordin: Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik

"Heç də yaxşı oyun göstərmədik".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın I turunda evdə "Sabah"la heç-heçə (1:1) etdikləri matçdan sonra mətbuat konfransında söyləyib.

54 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasında İsrail "Bney Yehuda"sı ilə matçlardan sonra futbolçuları qarşılaşmaya motivasiya etməyə çalışıblar:

"Ancaq bu alınmadı. Oyunçular öz səviyyələrində çıxış etmədilər. İstəyimizə nail ola bilmədik. Bu oyundan nəticə çıxarmalıyıq. Mövqelər üzərində işləməliyik".

İtaliyalı məşqçi "Sabah"ın qapılı oyuna üstünlük vermədiyini sözlərinə əlavə edib:

"Boş zonalar oldu. Amma yararlana bilmədik. Avropa Liqasındakı xarakteri bu gün meydanda görə bilmədik. İlk oyunda qələbə qazanmaq niyyətində idik. Mövsümün əvvəlidir. Toparlanmaq üçün kifayət qədər vaxtımız var".

Bordin bəzi azarkeşlərin istefa tələbləri barədə də danışıb:

"Mən başa düşürəm. Komanda məğlub olsa, azarkeş istefaya səsləyə bilər. İstefa şüarları səsləndirənlər bu gün azlıq təşkil edirdi. Düşünürəm ki, onlar əsl "Neftçi" azarkeşi deyildi. Hiss olunur ki, sanki, öyrədilmiş bir məsələ idi".

Baş məşqçi kollektivdə çatışmazlıqların olduğunu etiraf edib:

"Çatışmayan cəhətlərimiz var və onların üzərində işləməliyik. Mövsümə yaxşı başladıq və Avropa Liqasında iki mərhələ adladıq. III mərhələdə isə eniş baş verdi və o da bugünkü matça təsirsiz ötüşmədi. Bu enişdən qısa müddətdə qurtulmağa cəhd göstərəcəyik".

İtaliyalı mütəxəssis konfransa gecikməsinin səbəbini də deyib:

"Futbolçularla söhbət edirdik. Sizi gözlətdimsə, bağışlayın. İlk növbədə demək istəyirəm ki, oyunumuzu təhlil etməliyik. Komandada emosional reaksiya yox idi. Bu əvvəlki matçlarla əlaqədardır. Həftə ərzində həm fiziki, həm də psixoloji hazırlıq üzərində işləyəcəyik. Neçə ildir ki, bu idmandayam. Futbol oynayanda bəzən hər şey istədiyiniz kimi alınmır. Üzərimizdə təzyiq də var. Oyunçularda konsentrasiya çatışmazlığı mövcuddur. Bunu aradan qaldırmalıyıq".

Son xəbərlər

Orphus sistemi