Yuxarı

​Robert Prosineçki: "Xorvatiya yığmasının Türkiyəni məğlub edəcəyinə şübhəm yoxdur"

İspaniya, Almaniya, Fransa və İngiltərə AVRO-2016-nın favoritidir

Bakı. 9 iyun. REPORT.AZ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa çempionatına yollanıb. "Report"un məlumatına görə, yığmanın Avstriya toplanışından sonra vətəni Xorvatiyaya üz tutan 47 yaşlı mütəxəssis bu gün Fransaya uçub.

Səfər öncəsi "Nove TV"yə açıqlamasında o, AVRO-2016 barədə fikirlərini bildirib. R.Prosineçki əvvəlcə Xorvatiya yığmasının rəqiblərini dəyərləndirib: "Fatih Terim istənilən komandada uğur qazanmağa qadir mütəxəssis olduğunu Türkiyə yığması ilə bir daha göstərdi. Amma Xorvatiyanın daha keyfiyyətli oyun sərgiləyərək, qalib gələcəyinə heç bir şübhə yoxdur. Bu qələbə çempionatdakı işimizi asanlaşdıra bilər. Çexiya yaxşı komanda təsiri bağışlayır, İspaniya isə AVRO-2016-nın favoritidir".

Təcrübəli mütəxəssis bildirib ki, İspaniya millisinin baş məşqçisi Visente Del Boske böyük iş təcrübəsinə malikdir: "Del Boskenin Fernando Torres və Xuan Matanı çağırmaması kimlərisə təəccübləndirə bilər. Lakin o, çempionatın əsas favoritlərindən biri sayılan komandaya malikdir".

R.Prosineçki Xorvatiya yığmasındakı həmkarı Ante Çaçiçin yoldaşlıq görüşləri üçün rəqib qismində Moldova və San Marinonu seçməsini müsbət qarşılayıb: "Məncə, yaxşı seçimdir. Bir çox futbolçular üçün ağır mövsüm keçdi. Bu rəqiblərə qarşı oynamaq daha rahatdır, nəinki Almaniya və ya Polşa kimi komandalarla. Çünki bərpa olunmaq çox çətin olacaqdı".

Xorvatiya yığmasının sabiq futbolçusu favoritlər qismində Almaniya, Fransa və İngiltərəni də göstərib.

R.Prosineçki sonda tennisə olan sevgisindən də danışıb: "Bu oyun mənim xoşuma gəlir. Hər zaman oynayıram. İki ay idi ki, burada yox idim. Ona görə də oynaya bilmirdim. Çox cəlbedici və maraqlı idman növüdür".

Qeyd edək ki, Xorvatiya millisi ilk görüşünü iyunun 12-də Türkiyəyə qarşı keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi