Robert Prosineçki: "Şimali İrlandiyadan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq" - MÜSAHİBƏ

Robert Prosineçki: "Şimali İrlandiyadan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq" - MÜSAHİBƏ Belə hava şəraitində oynamaq heç də asan deyildi
Futbol
12 Oktyabr , 2016 01:32
Robert Prosineçki: Şimali İrlandiyadan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq - MÜSAHİBƏ

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Oyundan qabaq demişdim ki, bizi çətin sınaq gözləyir. Bunun şahidi olduq”.

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olan millimiz növbəti uğurlu nəticəyə imza atıb. Komandamız çətin səfər qarşılaşmasından 1 xalla ayrılıb – 0:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki nəticəni belə şərh edib: "Çexiya həmişə güclü komanda olub. Söz vermişdim ki, Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olduq. Futbolçularımı təbrik edirəm. Belə hava şəraitində oynamaq heç də asan deyildi. Azərbaycana gələndən optimist idim. Deyirdim ki, bu futbolçular böyük nəticə əldə edə bilərlər. Artıq kiçik möcüzənin şahidi oluruq. Azərbaycanlı futbolsevərlər üçün böyük gün idi”.

Prosineçki qeyd edib ki, artıq diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib: "3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi bu matça yönəltməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”.

- Oyundan sonra sizdə belə bir fikir yarandımı ki, bunu etsəydim, qələbə də qazana bilərdik?

- Kapitanımız Rəşad oynaya bilmədi. Dizində xırda zədə var idi. Bədavi zədədən sonra qayıtdı, əzmkar oyun göstərdi, əlindən gələni etdi. Ondan çox razı qaldım. 19 yaşlı gənc futbolçu Ramil Şeydayev bu cür çətin rəqibə qarşı yaxşı oynadı. Topu saxlayırdı, ötürmələrlə oynayırdı. Rəqib qapısına zərbələr də vururdu. İlk dəfə əsas heyətdə yer almışdı. Sözsüz ki, Çexiyaya qalib gəlmək istərdik, şansımız da var idi. Amma çexlərin də qol imkanları oldu və Kamran Ağayev oyunu yüksək səviyyədə keçirdi. Qismətimizdə 1 xal idi. Komandamdan çox razıyam.

- Start heyətində yer alan Namiq Ələsgərov barədə fikriniz necədi? Bir də Ramil Şeydayevi matçın adamı hesab etmək olarmı?

- Namiq Ələsgərov gənc futbolçudur. O, qarşısında qoyulan tapşırıqları yerinə yetirir. Ramil Şeydayev də həmçinin. Mənə elə gəlir ki, gələcəkdə hər ikisindən yaxşı oyun görəcəyik. Bu gün hamı yaxşı oynadı. Uşaqlar çox çalışdılar. Onlar göstərdilər ki, böyük oyunçulardırlar. Layiqli mübarizə apardılar. Maksim Medvedev 4-cü oyundur ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Bunlardan yarısında udmuşuq, yarısında heç-heçə olub. Bu addımı atanda hamı təəccüblənmişdi ki, Maksim bacaracaqmı? O, həqiqətən də bacardığını göstərdi.

- Cəmi 4 komanda qol buraxmayıb. Bu faktı necə şərh edərdiniz?

- Çox sevindirici haldır. Püşkatmadan sonra ən çətin qrupa düşdüyümüzü demişdim. Məncə, 3 turdan sonra yalnız Almaniyadan geri qalırıq. Bu, faktdır, sevindirici haldır. Sübut etdik ki, komanda şəklində mübarizə aparırıq, uşaqlar meydanda ölkə üçün, Vətən üçün can qoyurlar. Xoş bir haldır. Gəlin, bundan həzz alaq.

Son xəbərlər

Orphus sistemi