Robert Prosineçki: "Neftçi"ni ayağa qaldırmağa bir neçə il vaxt lazımdır" - MÜSAHİBƏ

Robert Prosineçki: "Neftçi"ni ayağa qaldırmağa bir neçə il vaxt lazımdır" - MÜSAHİBƏ "Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz"
Futbol
19 Sentyabr , 2016 21:37
Robert Prosineçki: Neftçini ayağa qaldırmağa bir neçə il vaxt lazımdır - MÜSAHİBƏ

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Neftçi"ni kimin ayağa qaldıra biləcəyini bilmirəm. Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz. Komandanı ayağa qaldırmaq üçün bir neçə il lazımdır".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın V turunda keçirilən "Qarabağ" - "Zirə" oyunu zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edirik:

Qarşıda milli komandanın Norveç yığması ilə oyunu var. Fikirlərinizi bilmək istərdik

- Ayın 3-dən təlim-məşq toplanışı gözlənilir. Çünki oktyabrın 2-də oyunlar var. Oyunçularımızın bəzilərinin - Pavel Paşayevin, Dmitri Nazarovun, üstəlik "Qəbələ"nin də ayın 2-də oyunu var. Ona görə toplanış oyunlardan sonra nəzərdə tutulub. Oktyabrın 3-dən toplanışa başlayacağıq.

Rauf Əliyev son turda iki qol vurdu, Vaqif Cavadov qollar vurur, Ağabala Ramazanov özünü yaxşı tərəfdən göstərir. Bu futbolçuları milliyə dəvət edəcəksiniz?

- Heyəti müəyyənləşdirmişəm. Yenə də ola bilsin ki, yeni oyunçular olsun. Çünki zədəli futbolçular olur. Ötən toplanışda da gördünüz ki, zədələnən futbolçular vardı. Bizi Norveçə qarşı çətin oyun gözləyir. Son oyunda Almaniyaya uduzdular. Amma Almaniya da güclü komandadır. Almaniyaya da uduzmaq normaldır.

Bəs Rauf Əliyev?

- Ötən turadək qol vurmadı və dünən iki qol vurdu. Oyununu və qollarını gördüm. Ancaq hələ istədiyim səviyyədə deyil.

Elxan Abdullayevin "Neftçi"yə keçidində sizin rolunuz olub? Və bu təyinatdan nə gözləyirsiniz, köməkçinizin "Neftçi"yə xeyiri dəyəcək?

- İstəyirsiniz düzünü deyim? "Neftçi"ni kimin ayağa qaldıra biləcəyini bilmirəm. Sadəcə olaraq nəticələrə baxıram. Son oyunda da 1:2 hesabı ilə məğlub oldular. Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz. Əlbəttə ki, Abdullayevin "Neftçi"yə köməyinin dəyməsini istəyirəm. Ancaq buna vaxt lazım olacaq. Qısa müddətdə heç nəyi dəyişmək olmaz. "İnter"lə oyunda xırda da olsa, dəyişiklik gördüm.

Elxan Abdullayevin klubdakı uğursuzluğu millidəki işinə təsir edə bilər?

- "Neftçi" nə fiziki, nə də taktiki cəhətdən hazırdır. Komandanı ayağa qaldırmaq üçün bir neçə il lazımdır. Siz də mənim kimi oyuna baxırsınız və çatışmazlıqları görürsünüz.

Deməli, "Neftçi"dən heç kimi milliyə dəvət etməyəcəksiniz...

- Oyuna baxıram, 8 oyunçu yerə yıxılır, ayaqları qıc olur. Bunları siz də görürsünüz. Bu sualı mənə niyə verirsiniz?

Hər halda baş məşqçi fikri başqadır. İki həftə öncə Ziya Əzizovu tanımadığınızı demişdiniz. Amma bir neçə gün öncə həmin futbolçu U-19-a dəvət olunub. Bu barədə məlumatınız var?

- Bunu bilməyimə ehtiyac yoxdur. Haradan bilim ki, kim çağırılır. Çünki U-19-a çağırılan futbolçu ilə maraqlanmaq mənim işim deyil.

Norveçlə oyunun toplanışına Deniz Yılmazı dəvət edəcəksiniz?

- Dəfələrlə Yılmazın zədəli olduğunu demişəm. İkincisi, həmin futbolçunu məndən əvvəl də dəvət etmək istəyirdilər. O, adi oyunçu deyil. "Bursaspor"un əsas futbolçularındandır. Türkiyədə çempionat çətindir. "Bursaspor" isə dörd komandadan sonra ən yaxşıdır. Onu milliyə dəvət etsək, köməyinin dəyəcəyinə inanıram.

Son xəbərlər

Orphus sistemi