Robert Prosineçki: "Müqaviləmin sonunadək işimi davam etdirmək fikrindəyəm"

Robert Prosineçki: "Müqaviləmin sonunadək işimi davam etdirmək fikrindəyəm" "Qalan 4 oyununda da tam qüvvə ilə çalışmağa səy göstərəcəyik"
Futbol
13 İyun , 2017 14:16
Robert Prosineçki: Müqaviləmin sonunadək işimi davam etdirmək fikrindəyəm

Bakı. 13 iyun. REPORT.AZ/ "Oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur". 

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki affa.az-a açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis bildirib ki, AFFA rəhbərliyi onun işindən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. R.Prosineçki bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da tam qüvvə ilə çalışmağa səy göstərəcəklərini vurğulayıb.

Baş məşqçi son günlər bəzi KİV-də yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar da fikirlərini bölüşüb: "Bu, hər bir işçi üçün normal haldır və onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən, son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq, Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.

Qeyd edək ki, Robert Prosineçkinin bu gün "Bursaspor"la müqavilə bağlamağa gedəcəyi bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi