Yuxarı

Robert Prosineçki: "Mənə sistemimə uyğun futbolçular lazımdır"

Futbolçunun az oynadığını gördükdə deyə bilmərik ki, yaxşı oynayır

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün Türkiyənin Antalya şəhərinə ezam olunmuş jurnalistlərlə görüş keçirib. "Report"un məlumatına görə, ilk dəfə komanda ilə birgə olduğunu deyən xorvatiyalı mütəxəssis yaradılan şəraitdən razılığını ifadə edib.

R.Prosineçkinin sözlərinə görə, oyunçularda nizam-intizam, motivasiya çox yüksək səviyyədədir. O, mart ayında keçiriləcək Malta ilə oyuna qədər hazır olacaqlarına inandığını bildirib: "3 məşq keçmişik. Birincisi bərpa xarakterli idi, digərləri isə daha ağırlıqlı məşqlər idi. Cəmi 6 gün burada olacağıq. Biz bütün məşqlərimizi Malta ilə oyun üçün qururuq. İstərdim ki, hücum futbolu oynayaq. Amma bu o demək deyil ki, müdafiəni unudacağıq".

Heyətdəki zədəli futbolçulardan söz açan baş məşqçi bir neçə gün öncə heyətdən kənarlaşdırılan Maksim Medvedev və komandadan ayrı məşq edən Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib: "Rəşadın zədəsi yüngüldür. Dünənki məşqdə risk etmək istəmədik. Hazırda MRT müayinəsindən keçməyə gedib. Onun sabahkı görüşdə iştirakı vacib deyil. Əsas məsələ odur ki, beynimdə tutduğum heyət martın 28-də Malta ilə keçirəcəyimiz oyuna hazır olsun, zədələnməsinlər. Maksim Medvedev zədə aldığı üçün tibbi müayinədən sonra qərara aldıq ki, Bakıya qayıdaraq, müalicəsini davam etdirsin".

Sonra isə Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

- Ruslan Abışov və Qara Qarayev dünən iddialı açıqlamalar veriblər. Bu da baş məşqçiyə inamı artırıb. Qısa müddətdə buna necə nail olmusuz?

- Bunu eşitmək mənə çox xoşdur. Futbolçularda özünəinamın yaranması yaxşı haldır. Oyunçularla fərdi və kollektiv söhbət etmişəm. Mən səmimi insanam, özümdən heç nə uydurmuram. Millidə kimin nə qədər oyun keçirməsi mənə vacib deyil. Mənə sistemimə uyğun futbolçular lazımdır. Yaxşı oyunçuya subyektiv fikrimi bildirirəm. Buradakı futbolçular millidə oynamağa ən layiqlilərdir. Ola bilsin, kimsə belə fikirlərlə razılaşmasın. Əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar, bütün rəqiblərə qarşı əzmlə mübarizə aparsınlar. Azərbaycanlı futbolçularda belə potensial var. Deyə bilmərəm ki, İtaliya və ya Xorvatiyanı yenəcəyik. Əlimdən gələni edəcəyəm ki, rəqiblərimiz bizdən çəkinsinlər.

- Futbolçular Azərbaycan Premyer Liqasında elə də məhsuldar, hücum futbolu sərgiləmirlər. Bu halda necə hücum futbolu oynatmağa nail olacaqsınız?

- Dəyişdirmək belə asan olsaydı, hərəsinə bir Cip verib dəyişdirərdim. Bütün oyunları canlı izləmişəm. Müdafiəni fikirləşmişik ki, az qol buraxaq, demək olar ki, hücum futbolu sərgiləməmişik. Mən hücum futbolu oynamaq istəyirəm deməyim 8 futbolçu ilə irəli atılacağımız demək deyil. Hər bir futbolçu öz vətəni üçün oynadığını fikirləşməlidir. Əlindən gələni etməyən oyunçu millimizdə yer ala bilməz.

- Legionerlər Malta ilə oyuna çağırılacaqlar?

- Hər şeyi açıq danışmalıyıq. Mən və köməkçilərim xaricdəki oyunçuların çıxışlarını, neçə dəqiqə oynadıqlarını analiz edirlər. Dmitri Nazarov əsas heyətdə oynamır, sonradan meydana daxil olur. Mahir Şükürov oynayır, Cavid İmamverdiyev çox oynamır. Vaqif Cavadov "Boluspor"a keçib, orada da 5-10 dəqiqə çıxış edir. Bunlar reallıqdır. Futbolçunun az oynadığını gördükdə deyə bilmərik ki, yaxşı oynayır. Eddi İsrafilov dünyanın ən güclü liqasında çıxış etsə də, meydana çıxmır. Tuğrul Erat da az oynayır.

- Bəs, necə düşünürsünüz: Klubda təcrübəsi olmayan futbolçu millidə çıxış edə bilər?

- Belə bir şey ola bilər. Türkiyə I Liqasını nəzərdə tutmuram. Amma La Liqa başqadır. Bununla Türkiyə I Liqasının səviyyəsini aşağı salmaq istəmirəm. İstərdim ki, bütün futbolçular oynasınlar və əsas heyət üzvünə çevrilsinlər. Biz elə oyunçular çağıracağıq ki, təcrübələri var. Nazarovun yaxşı potensialı var, vaxtaşırı meydana çıxır. Belə oyunçuları yığmada görəcəyik. Malta ilə oyunadək vaxtımız var. Bütün legionerlərimizin klublarında daha çox oyun praktikası qazanacaqlarına inanırıq.

- Anton Krivotçuk klubsuz olduğu halda niyə yığmaya çağırılıb?

- Sizə bir sirr açacağam. Azərbaycan futbolunun böyük problemi odur ki, yüksək səviyyəli sol cinah oyunçusu yoxumuzdur. İndidən deyim ki, Krivotçuk Maltaya qarşı oynamayacaq. Antonu ona görə çağırmışam ki, əsas millidə atmosferin necə olduğunu görsün. Amma gələcəkdə onu əsas millidə görəcəyik. Gələcəkdə bu təcrübəni davam etdirəcəyəm. Gənc və perspektivli futbolçunu gətirəcəyəm ki, əsas yığmadakı ab-havanı duysun, hiss etsin. Mənim gördüyüm U-17 çox bacarıqlı komandadır. İstedadlı futbolçuları çoxdur. Ümid edirəm ki, o heyətdən futbolçuları əsas millidə görəcəyik.

- Xorvatiya mətbuatına demisiniz ki, bir göyərçin bahar demək deyil. Bu mənada millimizdən nə gözləyirsiniz?

- Mən desəm ki, oyunçu yoxdur, vaxt yoxdur, düzgün olmaz. Gördüklərimə əsasən deyə bilərəm ki, perspektiv var. Deyə bilərəm ki, çempionatın səviyyəsi, sürət aşağıdır, taktiki səhvlərə yol veririk. Amma oyunçularda keyfiyyət görürəm. İşimiz odur ki, 4 məğlubiyyətdən sonra özünəinamı qaytaraq. Mən buna inanıram. Əlimizdən gələni edəcəyik ki, İtaliya və Xorvatiya yığmaları Bakıya gələndə onları çətin rəqibin gözlədiyini anlasınlar.

- Qapıçılarla bağlı hansı fikirdəsiniz?

- Səlahət Ağayev zədə üzündən gəlməyib. Kamran Ağayevin problemi var, klubunu dəyişsə də, oynamır. Emil Balayev hələ "Ayntraxt"da meydana çıxmır. Səlahət və Andrey Popoviç perspektivli qapıçılardır. Hər ikisi öz klublarında müntəzəm meydana çıxır. Hazırkı durum belədir ki, Səlahət Ağayev millinin bir nömrəli qapıçısıdır. Ümid edirəm ki, Kamran Ağayev öz klubunda meydana çıxaraq, əsas heyətdə yerini qaytaracaq.

- Çempionatın bombardiri Nurlan Novruzov niyə yığmaya çağırılmayıb?

- Nurlan Novruzov yaxşı futbolçudur. 10 qol vurub. Statistikaya baxanda haqlısınız. Amma Nurlan mənim sistemimə uyğun futbolçu deyil.

- Elvin Məmmədovun hazırkı durumu sizi qane edirmi? Vaxtilə çıxış etdiyiniz mövqedə kimi görürsünüz?

- Futbolçu kimi özüm barədə danışmağı sevmirəm. Ümid edirəm ki, hər mövqeyə oyunçu tapacağıq. Elvinə gəlincə, bütün oyunçular barədə məlumatlıyam. O, uzun müddət zədəli idi. Futbolçu bir insan kimi də mənə vacibdir. Məmmədov zədə almamışdan bir neçə il öncə yaxşı futbolçu olub. Uzun müddət oynamayan futbolçunun forma yığmasına vaxt lazımdır. Hiss edirəm ki, yavaş-yavaş öz formasına qayıdıb.

- Ruslan Qurbanovun klubunu dəyişməsinə münasibətiniz necədir?

- Mən bilmirəm ki, nəyə görə Ruslan "Neftçi"də əsas heyətdə oynamır. Bunu həmkarımı tənqid kimi qəbul etməyin. Onun bütün oyunlarını görmüşəm. Azərbaycan futbolundakı problem odur ki, topu ötürdükdən sonra boş zonaya açılmır. Futbolçular toplu oyuna üstünlük verirlər, topsuz çıxış etmirlər. Oyunçu boş mövqeyə açılmalıdır ki, komanda yoldaşı ona ötürmə versin. Qurbanovun fərqi ondadır ki, sürətli, topsuz da oynamağı bacarır. Ümid edirəm və inanıram ki, Ruslan "Hayduk"da əsas heyətə düşəcək. Nəticədə millidə də hücumda rəqabət yaranacaq. Toplanışda olan və burada olmayan oyunçuların Malta ilə matçda heyətə düşmə şansları var. Məqsədim odur ki, özünəinanan bir qrup yığım və rəqib bizi udsa da, çətinlik yaşasın. Mən də futbolçu olmuşam. Yeni baş məşqçi gələndə qeyri-adi şeylər göstərməyə çalışırdım. 

- Daha hansı futbolçuların xarici klublara keçidinə yardımçı ola bilərsiniz?

- Konkret ad çəkmək istəməzdim. Amma inanıram və bilirəm ki, bir neçə futbolçu güclü çempionatda çıxış edə bilərlər.

- Futbolçular özünəinam hissini təlqin etməyinizə nə dərəcədə hazırlıqlıdırlar?

- Vaxt baxımından deyə bilmərəm, proses başlayıb. Artıq az da olsa, dəyişiklik hiss edirəm. Mən Malta ilə matçda qələbə istəyirəm. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Futbol nəticəli idman növüdür. Malta ilə matçda qələbə qazansaq, bu, dəyişikliyi daha da sürətləndirəcək.

- Coşqun Diniyev atası və özünün milliyə dəvət aldığı ilk azərbaycanlı futbolçudur. Onun barədə nə düşünürsünüz?

- Şahin Diniyevi tanıyıram. Amma Coşqunu ona görə çağırmamışam ki, atası Məşqçilər Komitəsinin üzvüdür. Yaxşı olardı ki, Coşqunu çağırmayım, o zaman təzyiqlər olmazdı (gülür). Coşqun Diniyev çox istedadlı futbolçudur. Oyun üslubu mənə yaxındır, gənc, ağıllı futbolçudur. Artıq o, sabah meydana çıxma şansı qazanacaq.

- Sabah yığmamız "Şaxtyor"la üz-üzə gələcək. Nəyə görə belə rəqib seçilib?

- Bəlkə də alternativ var idi. Amma "Şaxtyor" Avropada 10 ən güclü komandadan biridir. "Bavariya" ilə son oyunlarını görmüşəm. Halbuki "Bavariya" öz çempionatında böyük hesablı qələbələr qazanır. Sabah hər bir oyunçu meydana çıxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi