Robert Prosineçki: "Maltaya qarşı oynayanların 95 faizi öz klublarının əsas heyət üzvləri olacaq"

Robert Prosineçki: "Maltaya qarşı oynayanların 95 faizi öz klublarının əsas heyət üzvləri olacaq" "Martın 28-də meydana yaxşı formada olan 11 futbolçu çıxacaq"
Futbol
16 Mart , 2015 13:21
Robert Prosineçki: Maltaya qarşı oynayanların 95 faizi öz klublarının əsas heyət üzvləri olacaq

Bakı. 16 mart. REPORT.AZ/Futbol üzrə Azərbaycan milli komandası Malta yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçının hazırlıqlarına martın 22-də başlayacaq. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə millinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

O bildirib ki, qarşıdakı oyun üçün heyəti martın 19-da açıqlayacaq. R.Prosineçki toplanışdan öncə - martın 18-də Azərbaycan Premyer Liqasında keçiriləcək növbəti tur qarşılaşmalarında yığmaya çağırmaq istədiyi futbolçuların heç bir problemlə üzləşməyəcəklərinə ümid etdiyini deyib. Baş məşqçi Malta ilə qarşılaşmada qələbə üçün əllərindən gələni edəcəklərini açıqlayıb: "Fevralın sonlarında keçirdiyimiz toplanışda komanda ilə tanış oldum. Həmin vaxt ilk dəfə bir araya gəldik. Öz futbol fəlsəfəmi futbolçulara çatdıra bildik. Düzdür, 6 gün az vaxt idi. Amma imkan daxilində futbolçularla çoxlu fərdi söhbət apardıq. Qarşıdakı toplanışda isə əlimizdən gələni edəcəyik ki, martın 28-də doğma azarkeşlər önündə yaxşı oyun sərgiləyək. Bütün komandamız - oyunçular, məşqçilər və özüm qələbə üçün mübarizə aparacağıq. Bütün azarkeşlər bizdən bunu gözləyirlər".

Xorvatiyalı mütəxəssis yığmaya çağıracağı futbolçular arasında yaş amilinə önəm verməyəcəyini də əlavə edib. O, yaxşı formada olanları meydana buraxacağını açıqlayıb: "Həmişə demişəm ki, yaş mənim üçün önəmli deyil. Martın 28-də meydana yaxşı formada olan 11 futbolçu çıxacaq. Birinin 17, digərinin 28 yaşının olmasının mənim üçün fərqi yoxdur. Önəmlisi odur ki, oyunçu yaxşı formada olsun. Əsas heyətdə meydana çıxanların 95 faizi öz klublarında daim çıxış edənlərdən ibarət olacaq".

R.Prosineçki Türkiyə "Kayserispor"unun əsas heyətində meydana çıxmağa başlayan qapıçı Kamran Ağayevi də yığmaya çağıracağını əlavə edib: "Bəli, Kamranı çağıracağam. Onun son 2 qarşılaşmada meydana çıxmasına şadam. Ümidvaram ki, daim oynayacaq. Ağayevi milliyə çağıracağıq. Amma onu da nəzərə almalıyıq ki, son aylarda Türkiyə Kubokunda 1, I Liqada isə 2 matçda meydana çıxıb. Oyun təcrübəsi tam çatışmır. Milliyə çağırıb baxacağıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi