Yuxarı

Robert Prosineçki: "Gəlişimdən sonra milli komanda artırıb" - MÜSAHİBƏ

San-Marinoya 3 xal dalınca yollanırıq

Bakı. 01 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San-Marino yığması ilə səfər oyunu öncəsi brifinq keçirib.

Xorvatiyalı mütəxəssis millinin Mərdəkandakı Təlim-Məşq Mərkəzində keçirilən açıq məşq zamanı "Report"un əməkdaşının da suallarını cavablandırıb:

Millinin yeni seçmə mərhələdə ilk rəsmi oyuna hazırlığı necə gedir?

- Tam yaxşı. Milli komandayla artıq 8 gündür bir yerdəyik. Futbolçular çempionatda yalnız 3 turda çıxış ediblər. Buna baxmayaraq, onlardan razıyam. İki oyunçu bizə kömək edə bilməyəcək. Bu, Ruslan Abışovla Bədavi Hüseynovdur. Bədavi klubdan zədəli gəlib. Biz də baxdıq ki, qısa zamanda onu hazır vəziyyətə gətirə bilmərik. Təəssüf ki, Ruslan məşqdə zədələndi. Millinin məşq prosesindən tam razıyam. Yığma hazırdır. Son günlərdə bəzi şeyləri məşq edəcəyik. Sentyabrın 4-nü böyük həvəslə gözləyirik ki, oyunun vaxtı gəlsin, seçmə mərhələyə uğurla başlayaq.

Əsas qapıçı Kamran Ağayevin son vaxtlar oyun praktikasının olmaması problem yaratmayacaq ki?

- Doğrudur, təəssüflər olsun ki, Kamran son həftələrdə az oynayıb. Ancaq məşq prosesinə baxanda tam razıyam. Kamran Ağayev, Səlahət Ağayev, Anar Nəzirov - fikrimcə, Azərbaycanın ən güclü qapıçıları burdadır. Oyuna kimi vaxtımız var, əsas qapıçı ilə bağlı qərarımı verəcəyəm. Fürsətdən istifadə edərək onu deməliyəm ki, təkcə Kamranda yox, bütün komandada motivasiya yüksəkdir. Bunu məşq prosesindən hiss edirəm. Futbolçular sentyabrın 4-dəki matça hazırdırlar və oyunu səbirsizliklə gözləyirlər.

Həmişə oyunadək start heyətini açıqlamısınız. Bu dəfə onu müəyyənləşdirməmisiniz?

- Bəli, beynimdə artıq var ki, ilk dəqiqələrdən kimlər oynayacaq. Həmkarlarımla bu haqda danışmışam. Mən oyuna 1 gün qalmış start heyətini açıqlayıram. Ancaq siz 3 gün qalmış bunu bilmək istəyirsiniz. Yox, mən bunu etməyəcəyəm. Çünki oyunadək 3 məşqimiz qalıb. Çox şey ola bilər.

Bədavi ilə Ruslanın yoxluğunda müdafiə xəttində problemləri necə həll edəcəksiniz?

- Sözsüz ki, futbolçu zədə alanda bu, məşqçi üçün xoş hal deyil. Ancaq artıq fakt belədir ki, bu 2 müdafiəçi bizə San-Marinoda kömək edə bilməyəcək. Heyətdə 23 futbolçumuz var. Hər oyunçudan istifadə edə bilərəm. Bunu məşq prosesində göstərirlər. Zədəlilərin yerinə başqasının oynaması çətin olsa da, bunu etməliyik.

San-Marino ilə oyunda heç-heçə uğurlu nəticə olacaq? Rəqibin qələbə şansı nə qədərdir?

- Futbolda görürsən ki, zəif güclü rəqibi məğlub edir. Biz necə hazırlaşmışıqsa, San-Marino da bizə qarşı elə hazırlaşır. Biz ora 3 xal dalınca gedirik.

Ötən seçmə mərhələyə yarımçıq gəlmişdiniz. Milli 4 oyunda uduzmuşdu. Bu dəfə də 0 xalla başlayırsınız. Bunun fərqi var?

- Seçmə mərhələyə sıfırdan başlamaq çətindir. Bu zaman tam başqa motivasiya olur. Mən komandama inanıram. O, bir neçə güclü rəqiblə oyunda özünü göstərə bilib. Fikrimcə, gəlişimdən sonra milli komanda artırıb. Oyun planında yaxşılığa doğru dəyişiklik var. Əsas odur ki, mən komandama inanıram. Bizim üçün rəqib fərq etmir. Milli komandada özünəinam hissi yaranıb.

Ufuk Budakla Toğrul Eratın çağırılmaması nəylə bağlıdır?

- Onların indi olmamağı o demək deyil ki, gələcəkdə də olmayacaqlar. Mənə elə gəlir ki, San-Marinoya qarşı heyətdə ən yaxşı futbolçular cəmləşib.

Ramil Şeydayevlə Emin Mahmudov meydana start heyətində çıxacaqlar?

- Bilmirəm, baxarıq. İndidən deyə bilmərəm ki, kim əsas heyətdə oynayacaq. Bayaq da dedim ki, 3 gün qabaq heyəti açıqlamayacağam. Onu deyə bilərəm ki. Ramillə Eminin məşq prosesindən razı qalmışam. Təəssüf ki, nə Şeydayev "Trabzonspor"da, nə də Mahmudov "Boavişta"da rəsmi debüt edib. Bu üzdən oyun təcrübələri azdır. Ancaq məşqdən hiss olunur ki, yaxşı futbolçulardır. Hər ikisi özlərini hazırlıqda müsbət tərəfdən göstəriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi