Robert Prosineçki "Bursaspor"a rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib

Robert Prosineçki "Bursaspor"a rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib “Bütünlüklə qarşıdakı oyuna köklənmişəm, qələbə bizi ikinci pilləyə yüksəldə bilər”
Futbol
9 İyun , 2017 09:28
Robert Prosineçki Bursaspora rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib

Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” komandasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, bu barədə 48 yaşlı mütəxəssis “Sportske Novosti” nəşrinə açıqlama verib. O bildirib ki, “Bursaspor” rəsmiləri ilə 3 ay əvvəl təmasda olub, lakin hazırda bu məsələ ilə bağlı heç bir yenilik yoxdur: “Son 20 gün ərzində milli komanda ilə birgə olmuşam, Bakıda və Avstriyada təlim-məşq toplanışı keçmişik. Şimali İrlandiya yığmasına qarşı şənbə günü keçirəcəyimiz böyük və vacib oyuna hazırlaşırıq”.

Xorvatiyalı baş məşqçi bütün fikrini mayın 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcəkləri oyuna yönəltdiyini söyləyib: “Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Böyük iş görmüşük. Mən gələn zaman yığma FİFA reytinqində 132-ci pillədə qərarlaşmışdı. Hazırda isə 76-cı sıradadır. Bütünlüklə qarşıdakı oyuna köklənmişəm. Qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Oyuna konsentrasiyamıza heç nə mane olmasa, bunu bacararıq”.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunda yer alan Azərbaycan yığması 5 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. İyunun 10-da qəbul edəcəyi Şimali İrlandiya yığmasına uduzacağı halda, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivin qrupdan çıxma şansı ciddi şəkildə azalacaq. Çünki hazırda 2-ci pillədə olan britaniyalıların 10 xalı var.

Son xəbərlər

Orphus sistemi