Bakı. 28 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis hər iki kluba uğurlu nəticə münasibətilə təbriklərini çatdırıb.
O bildirib ki, iki klubun qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün önəmli hadisədir: "Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.