Robert Prosineçki: "Azərbaycanda istedadlı futbolçular var"

Robert Prosineçki: "Azərbaycanda istedadlı futbolçular var" Azərbaycan millisinin baş məşqçisi İtaliya ilə oyundan əvvəl komandasının durumunu qiymətləndirib
Futbol
9 Oktyabr , 2015 19:31
Robert Prosineçki: Azərbaycanda istedadlı futbolçular var

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Komanda 5 gündür bir yerdədir. Hazırlıq optimal şəraitdə gedir və məşq prosesindən razı qalmışam". "Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya ilə sabah keçiriləcək oyun haqda danışan xorvatiyalı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi komandanı çətin qarşılaşma gözləyir: "Rəqib 4 qat dünya çempionudur və bizim qrupun lideridir. Hiss edirəm ki, komandada inam qayıdıb və 4 rəsmi oyunda məğlub olmamışıq. İnanıram ki, sabahkı oyunda da yaxşı nəticə əldə edəcəyik".

"AVRO-2016-nın seçmə mərhələsində Bakıda keçirəcəyimiz son oyunda yaxşı oyuna ümid edirsiniz, ya nəticəyə" sualına baş məşqçi belə cavab verib: "Bilirəm ki, rəqib güclüdür. Mən və oyunçular üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdır. Hamı gözləyirdi ki, Xorvatiya millisi Bakıda nəticə qazanacaq. Amma hər şey başqa cür oldu. Əlimizdən gələni edəcəyik ki, İtaliya yaxşı oyun nümayiş etdirə bilməsin".

Hər oyundan öncə heyəti açıqladığını deyən R.Prosineçki bu dəfə bunu edə bilməyəcəyini söyləyib: "Çünki dünənki məşqdə 2 futbolçu zədələnib. Bugünkü məşqdən sonra biləcəm ki, vəziyyət necədir. Bu səbəbdən heyəti açıqlaya bilməyəcəm. Zədələnən futbolçuların adlarını açıqlamaq istəmirəm. Yalnız məşqdən sonra deyə bilərəm ki, həmin oyunçular İtaliyaya qarşı meydana çıxacaq, ya yox. Hər şey yaxşı olsa, heyətdə Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov olacaq".

"Berti Foqtsun komandasında 4 oyun məğlubedilməzlik seriyası yox idi. Öz komandanızla Foqts dönəmini necə müqayisə edərdiniz" sualına cavab olaraq baş məşqçi deyib: "Keçmişi yada salmaq və müqayisə etmək istəmirəm. Bəli, qısa zamanda komanda özünə inamı qaytardı. Düzgün qeyd etdiniz ki, 4 oyun məğlub olmadıq və onun ikisini səfərdə oynadıq. Mənə elə gəlir ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Komanda maraqlı oyun nümayiş etdirir. Məndə olan məlumata görə, 40 min bilet satılıb. İnanıram ki, komandam da öz oyununu göstərəcək. Bu isə o deməkdir ki, Azərbaycanda istedadlı futbolçular var".

Son xəbərlər

Orphus sistemi