Yuxarı
    Bağlamaq

    ​Robert Prosineçki: "0:5 hesablı məğlubiyyətdən sonra Azərbaycan yığmasının toparlanması çətin olacaq" - MÜSAHİBƏ

    Vəziyyəti düzəltməyə çalışacağıq

    Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada XXXIII turun "Neftçi" - AZAL matçının fasiləsində brifinq keçirib. "Report" xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edir:

    - Oyunun ilk yarısı barədə fikirləriniz necədir?

    - "Neftçi" hazırda 3:0 hesabı ilə öndə olsa da, AZAL-ın qalib gəldiyi qarşılaşmalar çox olub. Hazırkı oyunu alınmır. Nə etmək olar?

    - AZAL-ın heyətində bəyəndiyiniz oyunçular oldu?

    - Hazırda Murad Səttarlı iştirak etmir. Qalan oyunçular içərisində heç də ürəyimcə olanı yoxdur.

    - 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatında Portuqaliya ilə oyunu barədə nə fikirdəsiniz?

    - O oyunda nə baş verib?

    - Komandamız 0:5 hesabı ilə uduzub?

    - Portuqaliya yığması çox güclü komandadır. Hətta deyərdim ki, çempionatın favoritlərindəndir. Bununla belə, 5 qol vursalar da, 3 qolu biz hədiyyə etmişik.

    - Ümumiyyətlə, U-17 millimizdən nə gözləyirsiniz?

    - Heç nə deyə bilmərəm. Sabah Belçika ilə oyun var. İndidən nələrin baş verəcəyini demək çətindir. Millimizin 0:5 hesablı məğlubiyyətdən sonra toparlanması və qarşıdakı qrup oyunlarına köklənməsi çətin olacaq.

    - Azərbaycanda futbol mövsümü başa çatır. Premyer Liqa barədə hansı fikirdəsiniz?

    - Keçən ilə nəzərən daha çətindir. Ötən il çempionat hazırkından güclü idi. "Neftçi", "İnter" komandalarını misal çəkə bilərəm. İndi isə onlar layiqli səviyyədə deyillər.

    - Millinin qarşıdan təlim-məşq toplanışı və 3 yoldaşlıq görüşü gəlir. Yeni futbolçu olaraq, Premyer Liqanın bombardirləri sırasında yer alan Amil Yunanovu dəvət etməyiniz mümkündür?

    - Yunanov ötən mövsüm "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasında çıxış edib. Hazırkı klubu "Sumqayıt" isə çox pis oynayır. Amil yaxşı oyunçudur. Amma yetərincə yaxşı səviyyədə olan futbolçular var ki, onları milliyə cəlb edə bilərəm. Məsələn, Dmitri Nazarov, Rəhman Hacıyev, Elvin Camalov yaxşı oynayır, yaxşı formadadırlar.

    - Camalov müdafiəçidir. Biz isə hücum xəttindəki problemlərdən danışırıq...

    - Normal hücumçu yoxdur. Nə deyə bilərəm? Yunanovun müəyyən bacarığı var, amma milli səviyyəsində deyil.

    - Bəs hücumçu problemini necə həll etmək fikrindəsiniz?

    - Çox çətindir. Haradan tapa bilərik? Necə oynamışıqsa, elə də davam edəcəyik.

    - Bu halda millimizdən nə gözləyirsiniz?

    - Düşünürəm ki, indi əvvəlkindən daha yaxşı oynayırıq. Vəziyyəti düzəltməyə çalışacağıq. Çətin qrupa düşmüşük. Almaniya, Çexiya və Şimali İrlandiya Avropa çempionatının final mərhələsinə yüksəlib. Almaniya nəinki Avropa, dünya çempionatlarının favoritidir.

    - Belə çıxır ki, yenə San-Marino kimi cırtdan komanda üzərində qələbə gözləyə bilərik?

    - Düşünürəm ki, San-Marinonu yenə bilərik. Həmçinin, ötən tsikldə heç-heçə etdiyimiz Norveçlə, eləcə də Çexiya ilə qarşılaşmalarda da yüksək nəticə göstəməyimiz mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi