Yuxarı
    Bağlamaq

    ​Reynaldo: "Qollarım sayılsaydı, indi bombardir idim" - MÜSAHİBƏ

    Bakı Olimpiya Stadionunu görmək və orada futbol oynamağı çox istəyirəm

    Bakı. 30 aprel. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Reynaldo Dos Santos Silvanın "Report"a müsahibəsi:

    - Geridə qalan turları ümumi olaraq necə dəyərləndirirsiniz?

    - İstədiyimiz kimi keçdi. Komanda olaraq əlimizdən gələni etdik ki, lazımi nəticəni qazana bilək. Düşünürəm ki, indiyədək yaxşı gəlmişik.

    - Mövsümün başlanğıcında uğurlu start alınmadı. "Qarabağ" ilk qələbəsini 5-ci turda qazandı. Uğursuz startın uğurlu davamının sirri nədədir?

    - Mövsümün əvvəlində Avropa Liqasında da mübarizə apardığımızdan, bir az çətin oldu. Lakin sonradan buna alışdıq və nəticə qazandıq.

    - Ötən mövsümü bombardir kimi başa vuran Reynaldo hazırda bu siyahıda 5-cidir. Bu cür geriliyə nə səbəb oldu?

    - Çempionata başlamaq mənim üçün çətin olmuşdu. 8 oyunda da iştirak edə bilməmişəm. Ancaq əlimdən gələni edirəm ki, bu fərqi aradan qaldırım. Üstəlik, bir neçə oyunda vurduğum qollar ləğv olunub (I turda "Sumqayıt"la oyunda "Qarabağ"a texniki məğlubiyyət verilib və "Araz Naxçıvan" çempionatdan çəkildiyi üçün bu qarşılaşmaların nəticələri ləğv olunub. Reynaldo bu matçların hər ikisində "dubl" edib - red.). Onlar sayılsaydı, indi bombardir idim (gülür - R.Ə).

    - Bir müddət lazımi səviyyədə çıxış etmədiniz, Sizdən gözlənilənləri verə bilmədiniz. Qol vura bilməməyinizi şəxsi həyatınızla əlaqələndirirdilər. Bu haqda nə düşünürsünüz?

    - Futbolçu daim yaxşı olacaq deyə bir şey yoxdur. Bəzən ola bilir ki, şans da olmur və mən həmin şanssızlıqları yaşamışam. Deyərdim ki, rəqiblərim daha çox şanslı idi, çünki mən qol vura bilmirdim.

    - Bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov keçmiş komandanızda sağlam həyat tərzi yaşamadığınızı bildirib. Əyləncəyə, yeyib-içməyə daha çox meyilli olmusunuz?

    - Belçikanın "Anderlext" klubunda oynadığım vaxtlarda belə bir problem ortaya çıxmışdı. Ancaq orada mənim məsuliyyətim başqa idi, burda isə tam başqa. Baş məşqçi həmişə öz məsləhətlərini verir. Mən də onun məsləhətlərinə qulaq asıram və çalışıram ki, əlimdən gələni edim.

    - "Qarabağ" Azərbaycan Kubokunun finalındadır. Həlledici matçadək keçdiyiniz yolu necə dəyərləndirərdiniz?

    - Bu mərhələyə gələnə qədər olduqca çətin oyunlarımız keçdi. Qısa müddətdə bir neçə oyun keçirirdik. Həm çempionat, həm də kubok oyunlarına çıxırdıq. Finala isə lazımi səviyyədə hazırlaşmaq üçün vaxtımız olacaq. Ötən il yarımfinalda mübarizəni dayandırdıq. Uzun illərdir kubokda qalib gəlmədiyimiz üçün hamıda belə bir istək var ki, finalda qalib gələk.

    - "Qızıl dubl" etmək mümkün olacaq?

    - Biz də buna inanırıq və əlimizdən gələni edirik. Mövsümü 2 qızıl medalla başa vurmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Ancaq hələ çempionat başa çatmayıb və qarşıda bir neçə tur olacaq. "İnter" kimi yaxşı rəqibimiz var. Əlimizdən gələni edəcəyik ki, "Qəbələ"ni də məğlub edək və çempion ola bilək.

    - Artıq "Qarabağ" Avropa Liqasına vəsiqəni təmin edib. Komandanın aparıcı üzvü kimi necə düşünürsünüz: uğur qazanmaq üçün heyətdə hansı dəyişikliklərə ehtiyac olacaq?

    - Bu il yenidən ölkə çempionluğunu qazanaq, sonra bu haqda düşünərik. Bunları fikirləşməli olan şəxs komandanın baş məşqçisidir. Mövsüm bitəndən sonra kimin gedib-getməyəcəyinə, hansı futbolçuların komandaya dəvət olunacağına baş məşqçi qərar verir. Bizim iki futbolçumuz var ki, yeni mövsümdən komandaya kömək edəcəklər. Bunlar zədəli Çumbinyo və yeni transferimiz Dani Kintanadır.

    - Qurban Qurbanov oyun zamanı çox sakit görünür. Fasilədə paltardəyişmə otağında və məşq zamanı da belə sakitdir, ya necə?

    - Necə ki, futbolçular bir-birindən narazı qalır və oyuna çıxanda bunlar yaddan çıxırsa, hərdən baş məşqçi də futbolçudan razı olmaya bilər. Ancaq meydana çıxanda bunlar unudulur. Çünki baş məşqçi çalışır ki, bizə əlindən gələn köməyi etsin.

    - Azərbaycan Premyer Liqasını izləyən bir azarkeş kimi hansı futbolçuların çıxışını bəyənirsiniz?

    - Bura gələndən ən çox diqqətimi çəkən "Neftçi"nin futbolçusu Flavinyo olub. Çünki o, sadə oynamağı və qarşıdakı futbolçu ilə daha rahat anlaşır. Hesab edirəm ki, o Azərbaycanda üstün səviyyəli futbolçudur.

    - Tezliklə Bakıda I Avropa Oyunları keçiriləcək. Mövsüm başa çatdığından, vətənə qayıdıb istirahət edəcəksiniz, yoxsa Oyunları izləyəcəksiniz?

    - Mənim üçün olduqca maraqlı olardı ki, açılış mərasimində iştirak edim və digər yarışlara da baxım. Ancaq uzun müddətdir ki, öz ölkəmizə getmirik. Qısa fasilə olacaq və ondan istifadə edərək vətənə qayıdıb, ailəmlə görüşmək istəyirəm. Ancaq olduqca həvəsliyəm ki, yeni Olimpiya Stadionunu görüm. Bir gün həmin stadionda futbol oynamağı da olduqca çox istəyirəm.

    - Artıq 2 ildir Azərbaycandasınız. Azərbaycanca hansı sözləri bilirsiniz?

    - "Salam Aleykum", "İnşallah" sözlərini bilirəm. Bundan başqa məşq zamanı işlədilən bəzi sözlər də var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi