Yuxarı

​"Rəvan" klubunun vitse-prezidenti: "Maaşlar aşağı salınıbsa, deməli, büdcəmiz də azalıb" - MÜSAHİBƏ

İlqar Axundov: Yatsenko ümumilikdə Azərbaycan futboluna söz atır

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakının "Rəvan" klubunun vitse-prezidenti İlqar Axundovun "Report"a müsahibəsi:

- Artıq komandalar qış hazırlıqlarına start verib. "Rəvan"da hazırlıqlar necə gedir?

- İşlər gedir. Yanvarın 5-dən komanda yığışıb və futbolçular gündə 2 dəfə məşq edirlər. Baş məşqçi və köməkçiləri işə gəlir, hamısı işdədir. Hazırlıqar klub bazasında keçirilir.

- Mövsümün ikinci yarısı üçün heyətə yeni futbolçular cəlb olunacaq?

- Təbii ki, transferlər olacaq. Hücum, orta sahə və dayaq müdafiəçisi axtarışındayıq. Artıq 5-6 futbolçu baxışdadır. Amma onların hansının heyətə cəlb olunub-olunmayacağı bilinmir. Yəqin ki, məşqçilər 1-2 həftəyə dəqiq qərar verərlər. Baxışda olan futbolçuların hamısı yerlilərdir. Amma legioner futbolçular da cəlb oluna bilər.

- Bir neçə futbolçu ilə yollar ayrılıb...

- Elədir ki, var. Roini İsmayılov və Cavad Kazımov öz xahişləri ilə ayrılıblar. Şeriff Suma isə uzun müddətdir Azərbaycandadır. Ailəsinə görə burada qala bilmədiyini dedi. Ukraynalı qapıçı Kostyantin Maxnovski isə hələ ölkəsindədir və gələndən sonra danışacağıq. Onun gediş və dönüş biletini almışdıq. Gələndən sonra nə qərar veriləcək, hələ heç nə deyə bilmərəm. Maaş barəsində danışmalıyıq. Təbii ki, bu dəfə əvvəlkindən aşağı maaş olacaq.

- Yeri gəlmişkən, devalvasiya kluba necə təsir edib?

- Bizdə çox yüksək ödənişli futbolçular olmayıb. Sadəcə, maaşları bir az azaltdıq. Hamı ilə söhbət etdik və başa düşdülər ki, hər yerdə çətinliklər var.

- Yəqin ki, klubun sponsorunun da ayırdığı məbləğ azalıb...

- Hər halda maaşlar aşağı salanıbsa, deməli, büdcəmiz də azalıb.

- 2013-cü ilin yayında "Rəvan"da baxışda olan ukraynalı Aleksandr Yatsenko heroin qalmaqalı ilə bağlı maraqlı açıqlama verib. Bildirib ki, bir neçə il əvvəl "Rəvan" yollarını ayırmaq üçün futbolçulardan birini heroinlə hədələyib...

- Bunlar boş söz-söhbət, uydurmalardır. Mən də mətbuatdan oxumuşam. Amma Yatsenko ad da çəkməyib. Hardansa çıxan şayiələrdir. Belə söhbətlərin ucundan tutub ucuzluğa getməyin əhəmiyyəti yoxdur. Heç belə şey də olmayıb. Əslində o futbolçu ümumilikdə Azərbaycan futboluna söz atır. İnanıram ki, belə bir şey heç vaxt ola bilməz. Əks halda, bütün legionerlər çıxıb gedərdi. Əsası olmayan söz-söhbətdir.

- AFFA İntizam Komitəsi Peşəkar Futbol Liqasına borcu olan 9 kluba transfer qadağası qoyub. Bu sarıdan "Rəvan"da vəziyyət necədir?

- Hələ ayın sonuna qədər vaxtımız var. Çalışacağıq ki, nəsə edək. Bizim borcumuz o qədər də çox olmamalıdır. Yəqin ki, AFFA ilə hansısa ortaq məxrəcə gələcəyik. Məsələ ilə bağlı danışıqlar aparılır.

- Söz-söhbətlər yayılıb ki, AFFA "Rəvan"a Premyer Liqada iştirak üçün müəyyən məbləğ söz verib. Hətta bu məbləğin 400 min manat olduğu bildirilir. Doğrudanmı belə bir vəd verilib?

- Bu suala rəsmən belə cavab verə bilərəm: Bizə Premyer Liqanın startına 20 gün qalmış müraciət olundu. Həmin vaxtı artıq "Simurq" klubu dağılmışdı. Biz də qəbul etdik və çempionata başladıq. 

- "CBC Sport"un mövsümün əvvəlində yayım hüququ üçün ödədiyi pullar köçürülüb?

- Xeyr. Düşünürəm ki, heç bir klubun pulu köçürülməyib. Söz verirlər, amma köçürməyiblər. Bu məsələ Klublar Komitəsinin iclasında da müzakirə olundu. Hələlik köçürmə yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi