Yuxarı

​Rəşad Sadıqov: "Qol vurmaqda çətinlik çəkirik"

İrəlidə daha kəskin hücumlar qurmaq lazımdır

Bakı. 6 avqust. REPORT.AZ/ "Oyun gərgin mübarizə şəraitində keçdi. 90 dəqiqə mübarizə apardıq ki, qol vuraq, amma alınmadı. Nəticədə rəqib mərhələni keçdi". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 

Təcrübəli müdafiəçi Qlazqodakı 0:1 hesablı məğlubiyyətin revanşını ala bilməmələrini belə əsaslandırıb: "Rəqib elə idi ki, hücuma böyük qüvvə ilə getmək, üstünlüyü artırmaq olmurdu. Ustalığı yüksək səviyyəli oyunçulardan qurulmuşdu. Çox sürətli hücuma keçirdilər və böyük qüvvə ilə irəli getmək olmurdu. Gedəndə də komandamızı dərhal əks-hücumda tuturlar. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə rəqib pressinq tətbiq etməyə başladı. Meydançanın vəziyyətinə görə hücuma çıxmaqda çətinlik çəkdik. Yenə də oyuna nəzarət edirdik, amma qol çatışmadı". 

R.Sadıqovun fikrincə, "Qarabağ" mərhələni hələ ilk oyunda uduzub: "Çünki rəqib ilk oyunda çox təzyiq göstərdi. Amma ikinci hissədə nəzarət bizə keçmişdi. 75-ci dəqiqədən sonra rəqib tam geri çəkilmişdi. Ancaq bir dənə küncdən zərbə hər şeyi korladı. Bakıya da rəqib 1:0 hesab ilə üstün gəldi, oyunu geridən qurdu və istənilən nəticəni əldə etdilər".

33 yaşlı oyunçu görüş zamanı künc zərbəsindən sonra əlinə düşən və yararlana bilmədiyi qol epizodunu və "Seltik" futbolçularının təxribatçı hərəkətlərini də şərh edib: "Belə şeylər olur. Rəqib hesabda irəlidədir və istəyir səni əsəbiləşdirsin. Qol epizodu isə 2-3 gün yadımdan çıxmayacaq. Sadəcə top tullana-tullana gəlirdi deyə ayağımı tutmadı. Fikirəşirəm ki, yerlə gəlsəydi, tutması asan olardı. Məşq zamanı bunun üzərində hazırlaşmışdıq və bütün topları çərçivəyə vururdum, amma indiki epizodda alınmadı. Ot örtüyü haqda danışmaq istəmir, çünki hamı qazonun vəziyyətini gördü. Bunu bəhanə etmək fikrində deyiləm. Məncə, "Seltik" layiqli olaraq mərhələ adladı".

Kapitan, həmçinin Çempionlar Liqasında "Qarabağ"ın 4 oyuna cəmi bir qol vurmasından narahatlığını dilə gətirib: "Bunu mən də düşünürəm. Elə paltardəyişmə otağında da bu haqda düşünürdüm. Qol vurmaqda çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. İrəlidə daha kəskin hücumlar qurmaq lazımdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi