Yuxarı

Rəşad Sadıqov: “Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz”

​Rəşad Sadıqov: “Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz”
© Foto: "Report"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə Lüksemburq "Düdelanj"ı ilə heç-heçə (1:1) etdikləri matçdan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun barədə danışıb.

- Rəqibin oyun üslubu, pressinq etməsi həqiqətən də bizim üçün gözlənilməz oldu. Biz təcrübəli komandayıq və belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, buna hazır olmadıq və rəqib ilk hissədə bizə oynamaq imkanı vermədi. Düzdür, qol epizodları olurdu, amma oyunumuzu oynaya bilmirdik. Fasilədə baş məşqçimiz bizi sərt şəkildə tənqid etdi, tələb elədi ki, ikinci hissədə topa sahib olaq, sürətli oynayaq. İkinci hissə başlayan kimi azlıqda qaldıq, az sonra isə qol buraxdıq. Amma əzmkarlıq göstərdik. Hətta məğlub olsaydıq belə, bu sözləri deyəcəkdim. Bir neçə real qol imkanımız oldu. Şükürlər olsun ki, hesabı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.

- Oyunun formal xarakter daşıması motivasiyanıza təsir etdi?

- Həqiqətən də çox səbəblər var. Tək bu deyil. Komandamız 30-a yaxın oyun keçirib. Milli üzvləri heyətimizdə çoxdur və onlar 33-34 matç keçiriblər. Komanda çox yorğundur. Motivasiya baxımından böyük zərbələr almışdıq. Qrupdan çıxmağa ümidli idik. Oyundan öncə isinmə hərəkətlərindən geri qayıdarkən Qurban Qurbanov bizi sərt tənqid elədi. Hamı səbəbi bilir. 0:1-dən sonra komanda ayıldı və uduzmaq istəmədiyini göstərdi. Hər oyuna ciddi yanaşmalıyıq. “Qarabağ” forması ilə oyuna çıxarkən sona qədər mübarizə aparmalıyıq.

- “Qarabağ”ın qrupda 3-cü yeri tutması gücünü göstərir, yoxsa bəxti gətirmədi?

- APOEL-lə gücümüz bərabər idi. Oyunlar göstərdi ki, onlardan qat-qat üstün idik. Fikir verirdinizsə, onların açıqlamalarında bir şübhə var idi. Hamı gördü ki, APOEL-dən qat-qat üstün oynadıq. Əsas da səfərdəki oyunda çoxlu qol şanslarını əldən verdik. Heç olmasa 1 qol vursaydıq, bu oyun formal olacaqdı. Belə hallarla çox qarşılaşmışıq. Öncəki illərdə Çempionlar Liqasında “Seltik” və “Viktoriya” ilə oyunlarda yaxşı mübarizə aparsaq da, sonda yekunlaşdıra bilmirdik. Elə oldu ki, həmin dövrü də aşdıq. Belə hallar səbr, zəhmət tələb edir. Səbrli olub, növbəti mövsümləri gözləyək. Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz. Bəli, bu il yaxşı şans var idi. Oyun baxımından da yaxşı idik.

- APOEL-in “Sevilya”ya qalib gəlməsi sizin üçün gözlənilməz oldu?

- Bu barədə məlumatlı deyiləm. APOEL zəif rəqib deyil. Biz onları iki oyunda üstələdik, amma 2 matçda qalib gələ bilmədik.

- Püşk atılanda “Qarabağ”ın “Düdelanj” və APOEL-lə bərabər səviyyədə olduğunu və bu qrupdan çıxmalı olduğunuzu söyləmişdiniz...

- Həyatımda belə söz deməmişəm. Çox əminəm. Öz mentalitetimi bilirəm. Çalışacağımızı və güclərin bərabər olduğunu söyləmişdim. Əvvəlcədən proqnoz vermək olar. “Düdelanj”a bu gün uduza da bilərdik. Bu rəqib APOEL-i məğlub edib. Evdə də APOEL-ə qarşı yaxşı oynamışdılar və qol imkanları yaratmışdılar. Sadəcə, iki künc zərbəsindən qol buraxmışdılar. Belə epizodlar çox oldu. Bir epizod çox şeyi həll edə bilərdi. Bizim xeyrimizə olmadı. Qrupa düşməyi adiləşdirmək olmaz. İstəməzdim gələcəkdə bu, bizim üçün yenidən arzu olsun. Çox çətindir, 4 tur keçirsən, Avropa klublarına qarşı oynayırsan. Arzu edərəm ki, hər klubumuz qrupa düşsün. Hətta qrupda belə bir qələbənin arzusunda idik. Bilirəm, hamının arzusudur. Biz də çox istəyirdik. Komandanı və hətta məni də tənqid edənləri normal qarşılayıram. Səhv varsa, tənqid olacaq. Bəzi şeyləri isə unutmaq olmaz. Mənə görə Azərbaycan klubunun Avropa Liqasının qrupunda oynaması uğurdur. Bu gün deyirəm və sabah oynamasam da, bunu söyləyəcəm.

- Heyətin kasad olması “Qarabağ”a mane oldu?

- Mənə görə əsas problem qol epizodlarından istifadə etməmək oldu. 6 oyunda 22-23 real qol şansımız olub.

- Komandanın neçə faizi dəyişməlidir ki, yeni mövsümdə də qruplarda çıxış edə biləsiniz?

- Bu mövsüm heyətimiz uğurlu idi. Qrupa düşmüşüksə, yaxşı oynamışıqsa, problem yoxdur. Amma hər il 2-3 yeni adam istəyərik və yeni nəfəs gəlsin. Pep Qvardiola “Barselona”da 5 il, “Bayern”də 3 il çalışdı. Çox işləmədi, kifayət etdiyini düşünürdü. Bəzən dəyişikliklər komandanın xeyrinə olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi