Rəşad Sadiqov: "Mövsümün sonunadək oyunlara iynə vurduraraq çıxacağam"

Rəşad Sadiqov: "Mövsümün sonunadək oyunlara iynə vurduraraq çıxacağam" "Zədəm hələ də məni incidir. Oyuna da iynə ilə çıxmışdım"
Futbol
31 Mart , 2017 02:22
Rəşad Sadiqov: Mövsümün sonunadək oyunlara iynə vurduraraq çıxacağam

Bakı. 31 mart. REPORT.AZ/ "Maraqlı oyun alındı. Məncə, layiqli qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov səfərdə "İnter"i 3:1 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib.

Otuz dörd yaşlı müdafiəçi zədəsinin hələ keçmədiyini və sonadək qarşılaşmalara iynə vurduraraq çıxacağını bildirib:

"Zədəm hələ də məni incidir. Oyuna da iynə ilə çıxmışdım. Mövsümün sonuna qədər Premyer Liqada 5 tur və kubok oyunları qalıb. Hamısına dözərək, iynə ilə də olsa, çalışacağam ki, çıxım".

Sadiqov finala çıxacaqları təqdirdə hansı rəqiblə qarşılaşmalarının önəmli olmadığını söyləyib:

"Finalda bizə hansı komandanın rəqib olması fərq etmir. Həm "Neftçi", həm də "Qarabağ" layiqli rəqiblərdir. "Qarabağ" son 3 ilin çempionu və kubokun hazırkı sahibidir. "Neftçi" isə doğrudan da yüksəlişdədir. Bizi də məğlub etdilər. Qış fasiləsindən sonra "Qarabağ"a qarşı da yaxşı oyun sərgilədilər. Kiminlə rəqib olsaq, məncə, maraqlı final olacaq. Amma ilk növbədə, özümüz finala çıxmalıyıq".

Orta sahə oyunçusu 80 illik yubileyində finala çıxacağı halda, bunun "Neftçi" üçün böyük motivasiya olacağı fikri ilə razılaşmayıb. Onun fikrincə, finala vəsiqə qazanması istənilən komanda üçün motivasiyadır. Təcrübəli futbolçu zədəlilərin çoxluğunun "Qəbələ"yə mənfi təsir göstərə bilmə ehtimalına isə belə reaksiya verib:

"Zədəlilər bütün komandalarda var. "Qarabağ"da Dani Kintana bir neçə ay oynamayacaq. Bizdə də belə zədəlilər var. Futbolda zədəsiz mümkün deyil. Düzdür, əsas heyət oyunçularının zədələnmələri taktiki planda çətinliklər yaradır. Bununla belə, onların yoxluqlarını dolduran oyunçularımız var.

Sadiqov həm çempionluq, həm də kuboka iddialı olduqlarını, iki titul arasında seçim etməkdə çətinlik çəkdiklərini vurğulayıb:

"Hər ikisi uğrunda mübarizə aparacağıq. Niyə də olmasın? İkisindən birini götürməliyik. Fərq qoya bilmərik. Çünki hər iki titul uğrunda var gücümüzlə vuruşacağıq".

Qeyd edək ki, Rəşad Sadiqov "İnter"lə oyunda 78 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi