İlin futbolçusu Rəşad Sadıqov: "Final oyunumuz Şimali İrlandiyaya qarşı olacaq" - MÜSAHİBƏ

İlin futbolçusu Rəşad Sadıqov: "Final oyunumuz Şimali İrlandiyaya qarşı olacaq" - MÜSAHİBƏ "Son dövrlərdə Ronalduya simpatiyam artıb"
Futbol
20 Dekabr , 2016 16:44
İlin futbolçusu Rəşad Sadıqov: Final oyunumuz Şimali İrlandiyaya qarşı olacaq - MÜSAHİBƏ

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin bugünkü tədbirindən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" 2016-cı ilin ən yaxşı futbolçusu seçilən 34 yaşlı müdafiəçinin müsahibəsini təqdim edir.

- "İlin oyunçusu" seçildiyiniz 2016-cı ili necə dəyərləndirirsiniz?

- Bu il, həqiqətən də, mənim üçün uğurlu keçdi. “Qarabağ”ın heyətində həm çempion oldum, həm ölkə kubokunu qazandım, həm də Avropa Liqasında qrup mərhələsində iştirak etdim. Millinin heyətində 4 oyuna 7 xal topladıq və qrupdan çıxmaq şansımızı saxladıq. Düşünürəm ki, bu il karyeramın bəlkə də ən uğurlu illərindən biri oldu. "İlin oyunçusu" seçilməyimə gəlincə, bu ada layiq olan çox futbolçular var. Mənə səs verən, bu yerdə görən insanlara minnətdarlığımı bildirirəm. Komanda nəticəsinin əsas olduğunu nə qədər desək də, hər bir futbolçu fərdi uğur əldə etmək istəyir. Necə ki, bu gün Messi və Ronaldu da ilin futbolçusu olmaq üçün əlllərindən gələni edirlər. Dillərinə gətirməsələr belə. Çox sevindirici haldır. Məhz 34 yaşda belə olması sevindiricidir. Mən klubda, həm də millidəki komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Onlarsız nəyisə əldə etmək mümkün deyildi. Həm Qurban Qurbanova, həm də Robert Prosineçkiyə minnətdarlığımı bildirəm istəyirəm. Onların üzərimdə böyük əməyi var. Mənə çox inanır, etibar edir, güvənirlər. Bu da mənim üçün özünə inanmaq mənasında, ən vacib amillərdən biridi.

- Özünüz "İlin futbolçusu" nominasiyasında kimə səs verərdiniz?

- Çox futbolçu oldu ki, bu il özlərini yaxşı tərəfdən göstərdi. Qara Qarayev, Maksim Medvedev, Kamran Ağayev və Rəşad Sadiqovu birinciliyə layiq görərdim.

- Messi və Ronaldu müqayisəsi bütün dünyada gedir. Sizin fikrinizcə, hansı daha üstündür və nəyə görə?

- Zövq deyilən bir şey var. Fikir ayrılığı ondan irəli gəlir. Son dönəmlərdə Ronalduya simpatiyam artıb. İşinə ciddi yanaşması, uğurlar əldə etməsinə baxmayaraq, doymur, işinə davam edir. Sırf futbolçu kimi götürsək, Messini üstün tuturam. Amma meydançada son dönəmlərdə Ronaldu daha istəklidir və bunun bəhrəsini həm Avropa çempionu, həm Çempionlar Liqasının, həm də klublararası dünya çempionatının qalibi olmaqla gördü. Bu, boşuna deyil. Amma Messi daha yaradıcı və gözəl futbolçudur.

- Həm milli, həm də klub karyeranızda müəyyən uğur qazandınız. Nəticədə Sizə olan sevgi daha da artır. Bunları nəzərə alsaq, deyə bilərik ki, Rəşad Sadıqov gündən-günə cavanlaşır?

- Çox xoş haldır. Düzü, 34 yaşda "İlin futbolçusu" seçilməyim heç vaxt ağlıma gəlməzdi. Sonuncu dəfə 32 yaşımda ilin ən yaxşı oyunçusu adına layiq görüləndə “tamam” dedim. Cavan yaşlarımdan qarşıma məqsəd qoymuşdum ki, 4 dəfə "İlin futbolçusu" seçilim. Çünki rekord 3 dəfə bu ada layiq görülən Samir Ələkbərova məxsus idi. Mənim üçün 4 dəfə bu uğura imza atmaq çox önəmli idi. Belə deyək, bu, idman prinsipləridir. Amma 34 yaşımda, 5-ci dəfə ilin futbolçusu seçiləcəyimi gözləmirdim, mənim üçün çox sevindirici haldır.

- Rəşad Sadıqov üçün ilin ən kritik, unudulmaz anı hansı idi?

- Norveçlə oyun kritik anlardan biri idi. Bundan əlavə, "Göteborq"la matçı da deyərdim. Bəlkə də orada mərhələni adlamasaydıq, komandada böyük çöküş yaranacaqdı. Həmin görüşdə vurduğum qol və Norveçlə oyundakı bəzi kritik epizodlar mənim üçün ən vacib məqamlar idi.

- "Qarabağ"ın "İnter"lə oyununda xal itirməyindən yararlanan "Qəbələ” xal fərqini 1-ə endirdi. Bununla bağlı fikirləriniz necədir?

- Qarşımızda “İnter” kimi çətin rəqib var idi. Özünüz də bilirsiz ki, “İnter” həm “Qəbələ”, həm də “Qarabağ”la hər iki oyunun heç birində məğlub olmadı. Deyərdim ki, biz bu oyunda 1 xal qazandıq. Düzdür, xeyli sayda qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Bəzən elə oyunlar olur ki, qalib gəlirsən, lakin o qədər də həzz ala bilmirsən. Ancaq “İnter”lə matç elə oyun idi ki, xal itirsək belə, görüşdən sonra hamı razı idi. Şəxsən mən özüm çox xoşbəxtəm ki, meydanda o cür mübarizə getdi. Ağır hava şəraitinə baxmayaraq, istər “İnter”, istərsə də “Qarabağ” gözəl futbol oynamağa çalışdı. Bizdə bu alınırdı, sadəcə, son nöqtəni qoya bilmədik. 3 gündən bir oyunlar keçirdiyimizi və digər məqamları nəzərə alsaq, qış fasiləsinə “Qəbələ”dən 1 xal öndə getmək bizim üçün yaxşı nəticədir. Təbii ki, qarşıdakı dövrələrdə bizi gərgin mübarizə gözləyəcək. İstərdim ki, kim güclüdürsə, o da qalib gəlsin.

- Cari mövsümə nəzər yetirib, ideal "11-liy"i açıqlamağınız maraqlı olardı...

- Bir az düşünmək lazımdır. Birdən-birə 11 nəfərin adını çəkmək çətin olar. Sual birdən oldu və bu haqda heç düşünməmişdim.

- Necə düşünürsüz, "İlin futbolçusu" seçilməyinizdə “Qarabağ”dakı oyununuz həlledici rol oynadı, yoxsa millidəki?

- Təbii ki, paralel olaraq, hər iki komandadakı oyunum rol oynadı. Mənə görə, qalib ilboyu stabil oyun nümayiş etdirməlidir. Komanda şəklində qazandığı nəticələr də çox önəmlidir.

- Millimiz cari seçmə mərhələnin əvvəlində azarkeşləri sevindirdi. Növbəti ildə də bunu davam etdirmək mümkün olacaqmı?

- Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bizim üçün final matçı Bakıda Şimali İrlandiya ilə olacaq. Almaniyaya ilə oyunda da mübarizə aparacağıq. Amma qrupun kritik oyunu Şimali İrlandiyaya qarşı olacaq. Əgər o oyundan 3 xalla ayrıla bilsək, növbəti matçlarda nəyəsə ümid edə bilərik.

Son xəbərlər

Orphus sistemi