​Rəşad Sadıqov: "Əsas problemimiz vaxtla bağlıdır" - MÜSAHİBƏ

​Rəşad Sadıqov: "Əsas problemimiz vaxtla bağlıdır" - MÜSAHİBƏ "Oyun sistemi və fəlsəfəmizdə yüz faiz dəyişiklik var"
Futbol
27 Fevral , 2015 10:59
​Rəşad Sadıqov: Əsas problemimiz vaxtla bağlıdır - MÜSAHİBƏ

Antalya. 27 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun "Report"a müsahibəsi:

- Azərbaycan yığmasının Ukraynanın "Şaxtyor" klubu ilə keçirdiyi yoldaşlıq görüşü haqda fikirləriniz maraqlı olardı...

- Yeni məşqçi, yeni oyun fəlsəfəsi və sistemlə oynayırdıq. Heyətdə də dəyişikliklər vardı. Bunların hamısını nəzərə alsaq, düşünürəm ki, oyunumuz müsbət alındı. İkinci hissədə dəyişiklik oldu. Demək olar ki, 2 heyətlə oynayırdıq. Məşqlərdə də çox işləyirdik. Məşqçi bizə yeni fəlsəfəsini yeritməyə çalışırdı. Ümid edirəm ki, baş məşqçinin tələb etdiyi oyunu az da olsa, nümayiş etdirə bildik.

- Oyundan öncə start heyəti açıqlananda adınız siyahıda yox idi...

- Sadəcə, ayağımda ağrı hiss etdim və həkimlərə müraciət etdim. Onlar da məni məşqdən çıxartdılar. Zədə aldınsa, ilk növbədə tibbi müayinədən keçirsən. Həkimin şübhələndiyi bir vəziyyət olduqda MRT-yə götürür. Məni də müayinə etdilər və əzələlərimdə sərtlik vardı. Məsləhət oldu ki, MRT çəkilsin. Elə oldu ki, bazar günü də həmin yer bağlı oldu. Nəticədə məni məşq etməyə qoymadılar. MRT-dən keçdikdən sonra ciddi bir şeyin olmadığı aşkarlandı. Bundan sonra həkimlə də, baş məşqçi ilə də birəbir söhbətdə oynamaq istədiyimi bildirdim. Məşqçi dedi ki, özünə güvənirsənsə, oyna. Bu proses belə oldu.

- Oyuna çıxmağınız zədəyə mənfi təsir etmədi?

- Xeyr. Lap oyunum zəif alınıbsa da, onun zədə ilə bağlılığı yoxdur.

- Qeyd etdiniz ki, baş məşqçinin yeni oyun fəlsəfəsi var. Robert Prosineçkinin əsas tələbi nədir?

- Prosineçki daha çox kombinasiyalı və sürətli hücumlara üstünlük verir. Top rəqibdə olanda kompakt müdafiə olunub, aqressivlik nümayiş etdirmək istəyir. Təbii ki, 3-4 məşqlə hər şey alınası deyil. Meydanda məşqçinin tələblərini yerinə yetirmək gözlədiyimdən daha yaxşı alınırdı. Bəzi elementlər vardı ki, mənim çox xoşuma gəldi.

- 4-1-4-1 taktikasında Rahid Əmirquliyev daha çox hücuma atılırdı. Bu gələcəkdə müdafiə üçün çətinlik yaratmayacaq? Biri var iki dayaq müdafiəçisi olsun, biri də var ki, biri qalsın...

- Mərkəzdə 1-2 və ya 2-1 oynasan da, yenə görürsən ki, ortada 3 futbolçu var. Amma 4-4-2 sxemi ilə meydana çıxanda bu dəyişiklik çox fərq edir. Ancaq bizim taktikada eyni şey alınır. Baş məşqçi hücumameyilli oyuna üstünlük verir və heyəti də bu cür qurub. Ancaq bir yerdə kompakt şəkildə müdafiə olunsaq, belə problem yaşamayacağıq. Çünki böyük komanda ilə bu şərtdir. Həm müdafiə olunmalı, həm də hücum qurmalıyıq. O zaman nəyəsə nail ola bilərik.

- Milli komanda Prosineçkinin oyun fəlsəfəsini yerinə yetirməyə nə qədər hazırdır və hansı müddətdən sonra bu fəlsəfəni tam tətbiq edə biləcək?

- Əsas problemimiz vaxtla bağlıdır. Fikirləşirəm ki, vaxtımız azdır. 4-5 gün Türkiyə, sonra Malta ilə oyunöncəsi 6 gün, Norveçlə oyundan əvvəl 10 gün az vaxtdır. Oyun sistemi və fəlsəfəmizdə yüz faiz dəyişiklik var. Heyətdə daha çox hücumameyilli futbolçular yer alır. Bunu tam həyata keçirmək üçün vaxta ehtiyacımız var. Təəssüflər olsun ki, o vaxt bizdə yoxdur. Futbolçuların da üzərinə böyük məsuliyyət düşür. Biz bunu düşünməli, oyunlara az vaxt qalmasına baxmayaraq, bu prosesə köklənməli və hazır gəlməliyik. Yəni məşqçilər bizi yalnız psixoloji və taktiki cəhətdən hazırlamağı düşünsünlər, fiziki hazırlığa vaxt itirməsinlər.

- Artıq Malta ilə oyunun müzakirəsi aparılıb? Yəni rəqibi analiz etmisiniz?

- Bəli, analiz etmişik və çox müzakirələr gedib. Rəqiblə tanış olmuşuq və baş məşqçi necə oynayacağımızı bildirib. Antalya toplanışında psixoloji və taktiki baxımdan çox işlədik. Fərdi və komanda şəklində görüşlər oldu. Sevindirici haldır ki, uşaqlar məşqçinin tələblərini tez qavradılar. Ən yaxşı hal isə futbolçularda inamın olmasıdır. Baş məşqçi də onları inandırıb ki, hamınız yaxşı futbolçusunuz. Prosineçki səmimi insandır və hiss edirsən ki, bu sözləri səmimiyyətlə deyir. Məşqçi istər tənqid və ya tərif etsin, hər kəs onu qəbul edir. Çünki dediklərində həqiqət var. Komandada gözəl atmosfer yaranıb və istərdim ki, davamı gəlsin. Bizim buna çox ehtiyacımız var. Ustalıq cəhətdən bəzi komandlardan geri qala bilərik. Ancaq psixoloji, taktiki baxımdan hazır olsaq, çatışmayan cəhətləri ört-basdır edə bilərik.

- Maltanı analiz etmisiniz. "Şaxtyor"la Maltanın oxşar cəhətləri nə idi ki, sparrinq rəqib kimi Ukrayna klubu seçildi?

- "Şaxtyor"un seçilməsində müsbət amil o idi ki, komanda güclü rəqiblə qarşılaşdı. Baş məşqçi oyundan öncə bizə dedi ki, çıxın və oyununuzu göstərin. Bilirəm ki, siz böyük komandaya qarşı oynaya bilərsiniz. Oyundan sonra da gəlib dedi ki, "Gördünüz, mən sizə dedim axı, yaxşı futbolçularsınız. İnansanız, istəsəniz, oynaya bilərsiniz. Daha yaxşı hazırlıqlı olsanız, sizdə hər şey alına bilər". Belə başa düşdüm ki, güclü komandayla oynamaq bizim üçün bir növ psixoloji amil idi. Bu da çox önəmlidir. Malta ilə oyuna gəldikdə, düşünürəm ki, fərqli oyun olacaq. Oyunun necə gedəcəyini bilmək olmaz. Rəqib daha çox müdafiə olunmağa üstünlük verib, əks-hücumlar üzərində oyun quracaq. Biz də daha çox hücum qurmalı olacağıq. Üstəlik Malta səfərdə oynayacaq. "Şaxtyor"la oyundan öncə uşaqlarda həyəcan vardı. Hamı fikirləşirdi ki, rəqib "Bavariya" ilə oynayıb və yaxşı çıxış edib. Ancaq oyun göstərdi ki, hər kəs qorxmadan, çəkinmədən mübarizə apardı. Bu görüş psixoloji baxımdan bizim üçün yaxşı oldu. Üstəlik məşqçilər də bizi güclü komandaya qarşı sınadı və gördülər ki, inamlı uşaqlardı.

- Heyətdə debüt edən oyunçular da vardı...

- Debüt edən oyunçular istər Coşqun, Orxan, istərsə də Elvin məni müsbət mənada çox təəccübləndirdilər. Məndə inam yarandı ki, yaxın 4-5 ildə çox yaxşı yığma olacağıq. Digər mövqelərə də yaxşı futbolçular yetişsə, bizim yaxşı yığmamız olacaq.

- Anton Krivatçuk millinin sol cinah müdafiəçi mövqeyində olan problemi həll edəcək futbolçudur? Prosineçki özü də demişdi ki, bu mövqedə boşluq var...

- Dəvət etdiyi hər bir futbolçuda nəsə var. Yığmaya heç kim elə belə dəvət almayıb. Bu gün bizim həmin mövqedə problemimiz var. Gələcəkdə də bu problemi kiminləsə həll etmək lazımdır. Krivotçuk da gələcəyə ümid bəsləyir, göstəriciləri yaxşıdır. Məşqçilərin niyyəti odur ki, onun üzərində işləyib 2-3 ilə hazır futbolçu etsinlər.

- Ən yaralı yer komandanın hücum xəttidir...

- Ümumiyyətlə futbolda ən çətin mövqe hücumçulardı. Hansı ölkəyə baxsaq, görərik ki, həmin mövqedə çətinliklər var. Türkiyə kimi yığmada hazırda hücumda ən çox 2 futbolçu tapmaq olar. Bizdə də bu problem var. Rauf, Vüqar, Məhəmməd... yaxşı uşaqlar var, amma heyət geniş olsa, daha yaxşı olardı. İnanıram ki, uşaqlar hücumdakı boşluğu hiss etdirməyəcəklər. Əvvəllər daha çox hücumda az oyunçularla qalıb, müdafiə futbolu oynayırdıqsa, indi əksinə olacaq. Hücumçuları dəstəkləyənlər də çox olacaq. Bu problemləri komanda şəklində həll etməliyik, 1-2 nəfərin üzərində dayanan bir məsələ deyil. 

Son xəbərlər

Orphus sistemi