Rəşad Sadıqov: "Bu seçmə mərhələ mənim üçün ən yaxşı halda sonuncudur"

Rəşad Sadıqov: "Bu seçmə mərhələ mənim üçün ən yaxşı halda sonuncudur" "Onlar bizə yox, özlərinə qarşı hörmətsizlik edirlər"
Futbol
7 Oktyabr , 2016 20:24
Rəşad Sadıqov: Bu seçmə mərhələ mənim üçün ən yaxşı halda sonuncudur

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Hər birimiz üçün vacib oyundur. Sabah ilk ev oyunumuza çıxacağıq. Azarkeşlərin gözləntilərini başa düşürük və rəqibin də gücünü nəzərə alırıq. Bizi maraqlı və gərgin oyun gözləyəcək. Ötən illə müqayisədə rəqibin oyun üslubu dəyişib. İndi daha sürətli oynayırlar. Nəticədə müdafiəmizin üzərinə böyük güc düşəcək. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində sabah Norveç yığması ilə baş tutacaq görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Yığmanın kapitanı qonaq jurnalistlərin mətbuat konfransına gəlməmələrinə münasibət bildirib: "Onların burada olmaması bizə maraqlı deyil. Düşünmürəm ki, komanda bizi ciddi qəbul etmir. Futbolçular bizi tam ciddi qəbul edir. Onlar bizə yox, özlərinə qarşı hörmətsizlik edirlər. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bunu çox istəyirik. Rəqib asan deyil, güclüdür. Ola bilər ki, bizi kimlərsə rəqiblərə güclü dediyimiz üçün qınasın. Ancaq millidə zəif rəqib olmur. Ortabab komandalar olur. Asanlıqla təslim olmaq istəmirik və məğlubiyyət haqda düşünmürük".

R.Sadıqov zədəsindən danışıb və azarkeşləri stadiona çağırıb: "Fiorentina" ilə oyunun ilk hissəsinin sonlarında zədələndim. Həkimlərin müalicəsindən sonra bir az düzəldi. Sabahkı oyuna hazır olub-olmayacağımla bağlı baş məşqçi qərar verəcək. Çox istəyirik ki, azarkeşlər gəlsin və stadion dolsun. Hər bir stadionda oynamaq olar. Amma qərar bu stadionadırsa oynamalıyıq. Bircə azarkeşlərin gəlib dəstəkləmələri qalır. İstərdik ki, imkan dərəcəsində daha çox azarkeş gəlsin. Buna ikiqat ehtiyacımız var. Ən azı 40-50 min azarkeş olsun ki, rəqibi təzyiqdə saxlasın və biz də rahat oynayaq. Ev oyunu amili əsas bunun üzərində qurulur. Qrupdan çıxmağı mənim qədər istəyən yoxdur. Bu seçmə mərhələ mənim üçün ən yaxşı halda sonuncudur. Bəlkə də sabah qrupun ən önəmli oyununa çıxacağıq. Sadəcə bunu çox danışıb stresə düşmək istəmirik. Qrupdan çıxmağa çalışacağıq. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz. "Qarabağ"da rəqiblər də fərqlidir. Üstəlik, məşqçi tələbləri də eyni deyil. Yığmada da hücuma gedirəm və əlimdən gələni edirəm. Ancaq alınmır".

Son xəbərlər

Orphus sistemi