Rəşad Sadıqov: "Dnepr"in "Qarabağ"la görüşə necə ciddi yanaşdığını özünüz də görəcəksiniz" - MÜSAHİBƏ

Rəşad Sadıqov: "Dnepr"in "Qarabağ"la görüşə necə ciddi yanaşdığını özünüz də görəcəksiniz" - MÜSAHİBƏ "Ukrayna yığmasının təqribən yarısı bu klubda yer alıb"
Futbol
6 Noyabr , 2014 12:34

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqovun "Report"a müsahibəsi:

- Ukrayna "Dnepr"i ilə bu gün - noyabrın 6-da keçirəcəyiniz oyun barədə nə deyə bilərsiniz?

- Bizi çətin oyunun gözlədiyini anlayırıq. Rəqib Kiyevdə bizə uduzduqdan sonra Bakıdakı təkrar qarşılaşmanın özləri üçün son şans ola biləcəyini açıqlayıb. Digər tərəfdən, qeydə alınacaq nəticə "Dnepr"in şanslarını davam etdirməsinə səbəb də ola bilər. Biz də bunu başa düşürük.

- "Dnepr" Bakıya psixoloji zərbə ilə gəlib: Kiyev "Dinamo" su ilə matçda darmadağın olaraq, liderliyini əldən verib. Əvəzində "Qarabağ" "Araz Naxçıvan"ı 4:0 hesabı ilə yenərək, liderliyini davam etdirib. Bunlar komandanız üçün əlavə üstünlük sayıla bilər? 

- 0:3 hesablı məğlubiyyətə baxmayaraq, "Dnepr" "Dinamo"ya qarşı başa-baş mübarizə aparıb. Bu oyunu analiz etmişik. Bilirik ki, ilk qol standart vəziyyətdən, ikincisi əks-hücumdan vurulub. Rəqibin güclü olduğunu dərk edirik. Bu gün çalışacağıq ki, hər şey yaxşı olsun.

- Kiyevdəki qarşılaşmada "Dnepr"in çıxışı əvvəllər analiz etdiyiniz oyunları ilə müqayisədə sizi heyrətləndirmədi ki?

- Çalışmışdıq ki, rəqibi düzgün analiz edərək, oyuna daha yaxşı hazırlaşaq. Rəqibin güclü olduğunu bilirdik. Bəlkə də Kiyevdəki oyunda kiməsə "Dnepr" zəif görünüb. Amma matçın çox hissəsi ukraynalıların üstünlüyü şəraitində keçdi. Biz daha çox müdafiədə oturaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq. Allaha çox şükür, qələbə qazandıq. Qələbə həmişə şirindir. Bu, baş verəndə nə özündə, nə də rəqibdə səhv axtarırsan. Amma yenə də hər şey qıraqdan daha yaxşı görünür.

- "Dnepr"in tarixində ilk dəfə Ukrayna çempionluğu üçün yaxşı şansları yaranıb. Rəqibin bu şansı sonadək əldən verməməsi daha real görünür, yoxsa Avropa Liqasında hansısa mərhələyədək irəliləməsi?

- Mən belə düşünürəm ki, "Dnepr" Ukrayna Premyer Liqasına da, Avropa Liqasına da eyni gözlə baxır. Yoxsa Avroliqanın qrupuna düşməyin nə mənası vardı? Onsuz da ölkə çempionatında Avropa kuboklarına vəsiqə və qitə miqyasında özünü isbatlamaq üçün oynayırsan. Xüsusən də belə güclü komandalar öz ad-sanlarını, keçirəcəkləri hər bir oyunu düşünürlər. Bu mənada, "Dnepr"in Avroliqaya ikinci dərəcəli turnir kimi yanaşdığı qənaətində deyiləm. Ukrayna yığmasının 5 futbolçusu, başqa sözlə, təqribən yarısı bu klubda yer alıb. Rəqibin bizimlə görüşə necə ciddi yanaşdığını özünüz də görəcəksiniz.

- Şəxsən özünüz son oyunlarda elə də xoş təsir bağışlamırsınız. Hətta baş məşqçi Qurban Qurbanov da çıxışlarınızda enişin müşahidə olunduğunu etiraf edib...

- Bu açıqlama 2 ay öncə verilib. Amma indi özümü daha yaxşı hiss etdiyimi düşünürəm. Hər matçda səhv də ola bilər, pis oynamaq da mümkündür. Özünü yaxşı hiss edəndə belə, yaxşı oynayacağına təminat yoxdur. Mümkündür ki, "Dnepr"lə görüşdə də zəif çıxış edim, səhvlərim olub. Futbolda "Hər oyunu yüksək səviyyədə keçirəcəyəm" deyə bir anlayış yoxdur.

Son xəbərlər

Orphus sistemi