Rəşad Sadiqov: "Çempionat başlayacaqsa, virusu düşünməyə dəyməz" - MÜSAHİBƏ

Rəşad Sadiqov: "Çempionat başlayacaqsa, virusu düşünməyə dəyməz" - MÜSAHİBƏ Keşlə klubunun oynayan məşqçisi Rəşad Sadiqovun Reporta müsahibəsi
Futbol
28 Aprel , 2020 16:28
Rəşad Sadiqov: Çempionat başlayacaqsa, virusu düşünməyə dəyməz - MÜSAHİBƏ

"Keşlə" klubunun oynayan məşqçisi Rəşad Sadiqovun "Report"a müsahibəsi

- Peşəkar Futbol Liqası dünən açıqlama yaydı ki, Premyer Liqanın mayın 23-də bərpası nəzərdə tutulur. Bu qərarı necə qarşıladınız?

- Düşünürəm ki, bu qərar UEFA-nın Avropa liqaları üçün qoyduğu müddət çərçivəsində qəbul olunub. Yəqin ki, mayın əvvəlindən məşqlər başlayar və komandalara 2 həftəlik toplanış üçün vaxt verilər. Məncə, bu müddət yetərli olacaq. Həftədə 2 oyun keçirməklə çempionatı başa vurmaq olar. Normal qərardır.

- Bir aydan çoxdur çempionat dayanıb, futbolçular məşq etmirlər. Sizcə, 2-3 həftəlik təlim-məşq toplanışı əvvəlki formaya qayıtmaq üçün kifayət edəcək?

- Ola bilər ki, hamı əvvəlki formasına qayıda bilməsin. 1,5 ay futbolsuz qalmaq, həqiqətən də, çoxdur. Hətta çempionat bitəndən sonra belə, cəmi 15 - 17 gün istirahət verilir. İndi isə vəziyyət fərqlidir.

- Bu amil turnir cədvəlindəki sıralamaya təsir göstərə bilər?

- Açığı, pandemiya bütün klublara təsirini göstərdi. Amma turnir cədvəlində yerlər dəyişsə, koronavirus bəhanə olmamalıdır. Çünki şərtlər hər bir komanda üçün eynidir. Ümid edirəm ki, “Keşlə” öz mövqeyini qoruyacaq.

- Oyunların azarkeşsiz keçiriləcəyi bildirildi. Buna münasibətiniz necədir?

- Düzü, çətin olacaq. Sanki yoldaşlıq matçı keçirəcəyik. Onsuz da, Azərbaycan çempionatında bəzi oyunları çıxmaq şərtilə, azarkeşlər stadionlara az gəlirlər. Buna baxmayaraq, tribunada az sayda tamaşaçı görmək də xoş olur. Amma məcburuq, qanun bunu tələb edir. Mənə elə gəlir ki, bütün Avropada da bu qadağa tətbiq olunacaq.

- Son illər Premyer Liqadakı digər klublarla müqayisədə “Neftçi” və “Qarabağ”ın oyunlarına daha çox azarkeş gəlir. Düşünmək olarmı ki, azarkeşsiz oynamaq ən çox bu iki komandaya mənfi təsirini göstərəcək?

- Bu, əvvəllər də belə olub. Düzdür, bir neçə il öncə “Xəzər Lənkəran” var idi. Bölgə klublarını saymayaq, onsuz da, onların oyunlarına hər zaman çox azarkeş gəlib. Bakıda isə “Qarabağ”la “Neftçi”nin tərəfdarları bir qədər çoxdur. İkisi öz aralarında oynayanda tamaşaçı çox, digər komandalarla matçlarda isə say az olur. Ona görə də inanmıram ki, hazırda azarkeş amili çox önəm daşısın. Razıyam, əvvəllər olurdu, çünki bir oyuna 5-10 min azarkeş gəlir, rəqib komandaları təzyiq altında saxlayırdı. İndi isə 300-500 nəfər gəlir. Bu isə hiss olunmur.

- FIFA futbolçuları mümkün zədələrdən qorumaq üçün 5-ci əvəzetmə təklifi ilə çıxış edib. Sizcə, bu qayda tətbiq olunmalıdırmı?

- Əvvəlki vaxt olsaydı, deyərdim ki, 5 əvəzetmə çoxdur. Çünki qalib gələn komand 2-ci hissənin ortasından etibarən vaxtı yubatmağa başlayır. Bunun üçün əvəzetmələrdən də istifadə olunur. İndiki məqamda isə futbolçuları düşünüb, bunu təklif edirlər. Avropada hələ belə şey olmamışdı, komandalar bu qədər istirahət etməmişdilər. Çempionat başa çatandan cəmi bir-iki həftə sonra məşqlərə başlayırlar. İngiltərədə isə, demək olar ki, istirahət olmur. Bir ay məşq etməmək, oyun keçirməmək hər bir idmançının əzələlərini boşaldır. Yüklənmə çox olduqda zədə ehtimalı böyükdür. Yəqin ki, bunu nəzərə alıb, 5 əvəzetmə təklif edirlər. Düşünürəm ki, vəziyyət düzələndən sonra yenidən əvvəlki qaydaya qayıdacaqlar.

- Bu gün Avropada bəzi klublar sosial məsafə qaydalarına əməl etməklə məşqlərə start veriblər. Bu, koronavirusun yayılmasının qarşısının alınması üçün edirilir. Çempionat bərpa olunduqdan sonra hansısa rəqib futbolçuyla mübarizəyə girməkdən, yaxın təmasdan çəkinməyəcəksiniz?

- Deyirlər ki, yaxından təmas olmaz. Doğrudan da, olduqca gülünc qərardır. Futbola başlayırsansa, bunu kənara qoymaq lazımdır. Çünki futbol yaxından təmas oyunudur. Başqa cür mümkün deyil. Topu almaq üçün mübarizə aparmalı, rəqibə yaxın oynamalısan. Çəkinmək məsələsinə gəlincə, heç kim virusa yoluxmaq istəməz. Eyni zamanda, kimsə bundan sığortalanmayıb. Çempionat başlayacaqsa, bu amili düşünməyə dəyməz. Çünki hər bir futbolçu öz klubunun şərəfini qoruyur, meydana nəticə üçün çıxır.

- "Məşqə maska ilə çıxın" desələr, nə edəcəksiniz?

- Deyilsə, hamı maska ilə məşqə çıxmağa məcburdur. Başqa variant yoxdur. Çətin olacaq, çünki maska ciyərlərə havanı yetərincə vermir. Düzdür, hamı üçün ağır olacaq. Amma qərar verilsə, hər birimiz əməl edəcəyik.

Son xəbərlər

Orphus sistemi