Rəşad Sadiqov: "Böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir"

Rəşad Sadiqov: "Böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir" "Kiməsə borcun olursa, o borcla yaşamaq olmur"
Futbol
15 Oktyabr , 2017 22:16
Rəşad Sadiqov: Böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Həyatda belə bir şey var: Kiməsə borcun olursa, o borcla yaşamaq olmur. Yatanda da yada düşür və o zaman narahat olursan. Oyundan qabaq da uşaqlara dedim ki, borcumuz var, qaytarmaq lazımdır. Bu borcla yaşamaq olmaz. Sağ olsunlar, borclarını artıqlaması ilə qaytardılar".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəşad Sadiqov səfərdə "Səbail"i 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, flaqmanın son iki turda qələbə qazanmasının səbəbkarı baş məşqçi Tərlan Əhmədovdur:

"Həmin komandadır, heç nə dəyişməyib. Komandaya cəmi 2 futbolçu gəlib. Sadəcə, mənə elə gəlir ki, Tərlan Əhmədov komandaya inam, qələbə ruhu gətirib. Əhmədovun gəlişindən sonra ilk 2 oyundan məğlub ayrılsaq da, yaxşı futbol sərgiləmişdik. Həmin vaxt demişdim ki, qalibiyyətlər gələcək. Elə də oldu. Məncə, bu qələbələrin ardı gələcək".

Sadiqovun sözlərinə görə, böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir:

"Bu görüşdə də arxayınlıq yox idi. Hətta ilk 2 qolu vurduqdan sonra da belə bir hiss yox idi. Daha yaxşı oynamaq istəyirik. Nə qədər qol vura biliriksə, vuracağıq. Rəqibi aşağılamaq olmaz. Çünki "Səbail" ilk dövrədə "Kəpəz"i də, elə "Neftçi"ni də yenib. Hər bir komandaya başağrıdırlar. Sadəcə, bu gün komandamız daha yaxşı, daha istəkli oynadı və qələbə qazandı".

Təcrübəli futbolçu "Səbail"ə qarşı mərkəz müdafiəçisi mövqeyində oynamaqda çətinlik çəkmədiyini də vurğulayıb:

"Çünki "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da, "Qəbələ"də də bu mövqedə çıxış etmişəm. Ona görə də bu mövqe mənə yad deyil. Rahat çıxış edirəm".

Qeyd edək ki, 8 turdan sonra xallarını 7-yə çatdıran "Neftçi" 6-cı pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi