Maksim Medvedev: "Məğlubiyyətə görə çox məyusuq" - MÜSAHİBƏ

Maksim Medvedev: "Məğlubiyyətə görə çox məyusuq" - MÜSAHİBƏ Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Macarıstanla oyundan sonra Reportun suallarını cavablandırıb.
Futbol
8 İyun , 2019 23:50
Maksim Medvedev: Məğlubiyyətə görə çox məyusuq - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Macarıstanla oyundan sonra "Report"un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Oyun haqqında nə düşünürsüz?

- Yaxşı hazırlaşmışdıq. Rəqibin oyun üslubunu bilirdik. Əsas üstünlükləri fiziki cəhətdən güclü olmaları və hündür boylarıdır. Amma bu cür rəqiblərə qarşı nə qədər yaxşı hazırlaşsan da, yenə problem yaşayırsan. Çalışırdıq ki, bizə verilən tapşırıqlara əməl edək, amma bəzi şeylər alınırdı, bəziləri isə yox. Məğlubiyyətə görə çox məyusuq. Sabah oyunu analiz edəcəyik, qarşıda Slovakiya yığması ilə oyun var. İnanıram ki, o matçda yaxşı çıxış edəcəyik.

- Bugünkü oyun gələcək üçün nə vəd edir?

- Hər oyun bizim üçün bir imtahandır. Hər qarşılaşmadan sonra çalışırıq ki, səhvlərimizdən dərs çıxaraq. Bəzi xətalar var ki, onları etməməliydik. Çünki komandada təcrübəli oyunçular var. Amma məğlub olanda əsəbi futbol oynayırıq və məşqçinin tapşırıqları yaddan çıxır. Ona görə də oyun “sınır” və yenidən bərpa olmaq çətin olur. Çalışmalıyıq ki, 90 dəqiqə ərzində eyni səviyyədə mübarizə apara bilək.

- Azarkeşlərə sözünüz?

- Gəldikləri və dəstəklədikləri üçün təşəkkür edirəm. Ekran qarşısında olanlara da minnətdarıq. İstəməzdik ki, belə olsun. Amma futboldan başı çıxan azarkeşlər bilir ki, nə qədər çalışsan da, səviyyə fərqi hiss olunur. Bizim əksər futbolçularımız yerli çempionatda çıxış edir, amma macarlar daha yaxşı və səviyyəli birinciliklərdə oynayırlar. Aramızda “klass” söhbəti var. Amma yenə də sona qədər bizə dəstək olurlar.

- Azərbaycan millisi sanki Xorvatiyaya qarşı daha yaxşı oynamışdı...

- Xorvatiya ilə oyuna biz “2-ci nömrə” kimi çıxmışdıq. Bilirdik ki, onlara qarşı səfərdə açıq futbol oynamaq mümkün deyil. Təcrübə fərqi var. Amma bu gün çalışdıq ki, başa-baş oynayaq. Standart vəziyyətlərdən elə qollar buraxdıq ki, özümüz özümüzdən inciyirik.

- Bu məğlubiyyət seçmə mərhələdə qarşınıza qoyulmuş hədəflərə çatmaq baxımından nə dərəcədə rol oynayacaq?

- AVRO-2020 şansımız çox azdır. Onsuz da qrupun autsayderi hesab olunuruq. Bu gün iddia eləsək ki, əsas məqsədimiz qitə birinciliyində iştirak eləməkdir, bu, bir az ucadan danışmaq olar. Əsas məqsədimiz qrupumuzdakı komandalara problem yaratmaqdır. Hələ ki, birinci yer uğrunda vuruşmaq gücündə deyilik.

- Slovakiya ilə oyundan nə gözləmək olar?

- Həmin oyun haqqında düşünmək istəmirəm. Çox yorğun və əsəbiyəm. Amma istəyirik ki, bundan yaxşı oynayaq, nə dərəcədə alınacaq, onu gələcək göstərəcək. Heyət baxımından, anlaşma baxımından problemlərimiz var. Son 10 oyunun heç 2-də eyni heyət meydanda olmayıb. Tez-tez dəyişikliklər olur, bu da bizə mənfi təsir edir.

Son xəbərlər

Orphus sistemi